Gənc şair faciəvi şəkildə öldü

Azərbaycanlı gənc şair Rauf Ra vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.

Məlumata görə, o, dəm qazından boğularaq dünyasını dəyişib.

 

Mərhum şairin şeirlərindən bir neçəsini təqdim edirik:

Süjet

uşaq idim,
həkimlər atamın bir ay
ömrü qaldığını demişdilər.
divar saatının
daşını çıxarmaq istəyirdim,
qorxdum ki, anam
işə gecikər.

Fraqment

dünən
uşaq ikən ən sevdiyim
cizgi filminə baxdım,
nədənsə heç bir personaj
böyüməmişdi.

***
Qürub,
tək ayaqla addımlayır əlil uşaq,
fırladır əsasıyla
yorulmuş Yer kürəsini.

 

Avreliyə…

Əzab nədir, Avreli,
sevgilərin sonrası
bir gedişin ağrısı?

ya
kasıb bir daxmada
bir gecənin yarısı
südsüz qalan körpənin
süd dişinin ağrısı?

***
Küçədəki bomjun
zibil qutusunda
çörək axtarması kimi
axtarıram uşaqlığımı
ömür dediyinizdə…

***
İndi səni unutmaq
yol kənarında əl açan
dilənçi yanından
– yalançıdır, deyib
keçmək kimi…
keçirsən
və qəfildən dayanırsan:
-Birdən əgər deyilsə?..

Əvvəlki məqalə

Ceyhun Bayramov NATO Baş katibinin köməkçisi ilə görüşüb

Sonrakı məqalə

Dünya bazarında günəbaxan və zeytun yağı neçəyədir? –