“Gənclər ətraf mühitin keşiyində” adlı layihə çərçivəsində seminar keçirilib –FOTOLAR

“Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi tərəfindən icra olunan, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Gənclər ətraf mühitin keşiyində” adlı layihə çərçivəsində Milli Qeyri Hökumət Təşkilatları Forumunun Şirvan Regional QHT Resurs və Təlim Mərkəzində seminar keçirilib.

Seminarda Şirvan şəhərində yaşayan gənclər iştirak ediblər.

Layihə rəhbəri Əli Mirzəyev layihə və onun məqsədləri, ətraf mühitin insan sağlamlığına təsiri haqqında ətraflı danışıb. Qeyd olunub ki, Şirvan şəhəri Kür çayının sahilində yerləşir və şəhərin kanalizasiya xətləri ilə bütün çirkab suları Kür çayına axıdılır. Eyni zamanda şəhər ərazisində fəaliyyət göstərən sənaye müəssisələri zərərli kimyəvi maddələrlə zəngin olan tullantılarını çaya axıdırlar. Nəzərə alsaq ki, respublika ərazisini qərbdən şərqə qədər kəsib keçən, hələ ölkəmizin hüdudlarından kənarda kifayət qədər çirklənmiş əsas su hövzələrindən biri olan Kür çayı bir  müddətdən sonra Xəzər dənizinə çatır, onda problemin ciddiliyi daha kəskin şəkildə özünü göstərir.

Seminar iştirakçılarının nəzərinə çatdırıldı ki, layihənin məqsədi şəhərdə yaşıllaşdırma və abadlıq  işlərinə, kütləvi tədbirlərə gənclərin cəlb olunmasını təşkil etməklə onların ictimai həyatda fəal iştirakını təmin etmək, meşə zolaqlarının qorunması məqsədilə əhalinin, gənclərin, məktəblilərin  səylərini dəstəkləməkdir.

Müzakirələrdə Şirvan şəhər sakini, Peşə liseyinin müəllimi Kamilə Həsənova şəhər parklarında istirahət edənlərin bəzilərinin təmizliyə riayət etməmələrinin şahidi olduğunu vurğulayıb və ətrafdakı insanların buna göz yumduqlarını, etinasız yanaşmalarını gördüyünü söyləyib.

Qeyd edək ki, çay süfrəsi arxasında müzakirələr davam etdirilib.

 

Əvvəlki məqalə

TƏBİB-dən tərsanədə 5 nəfərin ölümü ilə bağlı

Sonrakı məqalə

Baş Prokurorluq zavodda 5 əməkdaşın ölümü ilə bağlı açıqlama yaydı