Goranboyda direktoru öldürən baş mühasibin istintaqı başa çatıb

Goranboyda Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin Mərkəzin direktorunu qətlə yetirməkdə təqsirləndirilən Mirhadı Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Qeyd edək ki, qətl ötən il Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında baş verib.

Prokurorluğun yaydığı məlumata görə, oktyabrın 8-i saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla qeyd edilən Mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Əvvəlki məqalə

Rusiyada dollar 100 rubl səviyyəsində proqnozlaşdırılır

Sonrakı məqalə

Daxili Qoşunlarda əsgəri döyən zabitlə bağlı hansı tədbir görülüb? –