Güclü külək Masallıda fəsadlar törədib

Qeyri-sabit hava şəraitinin Masallı rayonuna vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülür.

Bunu APA-nın cənub bürosuna Masallı rayon İcra Hakimiyyətinin Təzə Alvadı kəndi üzrə icra nümayəndəsi Fəxrəddin Məmmədov bildirib. Onun sözlərinə görə, ötən gecə qısa müddətdə davam edən güclü yağış, dolu, küləkli hava şəraiti kənd təsərrüfatına, tikililərə, evlərə ciddi ziyan vurub. Təzə Alvadı kəndində 5 evin dam örtüyü tamamilə sıradan çıxıb, 21 evin dam örtüyünə, 50-yə yaxın yardımçı tikiliyə, sanitar qovşağına ziyan dəyib. 9 tövlənin dam örtüyü, 12 talvarın örtüyü tamamilə sıradan çıxıb. Dəmir lövhələrdən həyətlərə çəkilmiş divarlar aşıb, 3 minik maşınına ziyan dəyib.

Bundan başqa, kənddə təmir sexi uçub, sexdə olan 1 minik maşınına ziyan dəydiyi bildirilir. 80 hektara yaxın kartof sahəsinə ciddi ziyan dəyib. Ərazidəki meşə zolağında 103 iri gövdəli palıd ağacı aşıb. ​

Qeyd olunub ki, hazırda ərazi üzrə elektrik şəbəkəsinin köməyi ilə elektrik xətləri bərpa olunur, transformatorlarda olan qapanmaları, rabitə xətlərində yaranan problemləri aradan qaldırmaq üçün iş gedir. Hava şəraiti ilə bağlı qaz xətlərində yaranan problemlər də aradan qaldırılıb. Güclü küləyin Ələt-Astara magistralına aşırdığı ağaclar götürülüb.

İcra nümayəndəsinin sözlərinə görə, hava şəraiti ilə bağlı dəymiş ziyan aktlaşdırılıb.

Əvvəlki məqalə

“Peskovun oğlu əməliyyatda başqa adla iştirak edib”

Sonrakı məqalə

Zelenski Rusiya partiyalarına sanksiyalar tətbiq etdi