“Həmin o adamları Azərbaycanla düşmən etdilər” –

İlham Rəhimov
28 Dekabr 2019 - 20:44

Hüquq elmləri doktoru, professor İlham Rəhimov moderator.az-a müsahibə verib.

Azpost.info müsahibəni oxucularına təqdim edir:

 – İlham müəllim, dekabrın 12-də Moskvada Qara dəniz və Xəzər dənizi ölkələri Hüquqşünasları Assosiasiyası “Qlobal transformasiyalar çağında müasir dövlət” mövzusunda beynəlxalq elmi konfrans keçirdiniz. Həmin tədbir barədə təəssüratlarınızı bilmək istərdik. 

– Azərbaycan ictimaiyyətinin bu konfransla bağlı müəyyən qədər informasiyası var. Eyni zamanda həmin tədbiri Azərbaycan jurnalistlərindən başqa Rusiyanın ən nüfuzlu telekanalları, o cümlədən “Rossiya 24”, RBK kanalları geniş işıqlandırdı. Həmin telekanalların müraciəti əsasında  mətbuat üçün xüsusi brifinq də təşkil edildi. Konfransda 15-dən çox xarici dövlətdən tanınmış hüquqşünaslar iştirak edirdi. Qeyd edim ki, mənim rəhbərlik etdiyim Qara dəniz və Xəzər dənizi ölkələri Hüquqşünasları Assosiasiyası mütəmadi olaraq bu cür tədbirlər keçirir. Yadınızdadırsa, ötən il Bakıda da “Beynəlxalq terrorizm və müasir şəraitdə ona qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçirmişdik. Azərbaycan terrorizmdən əziyyət çəkən dövlət olduğuna görə həmin konfransın Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış etmişdim. Məqsəd də o idi ki, xarici ölkələrin nümayəndələri gəlib Azərbaycanın məhz erməni terrorizmindən necə əziyyət çəkdiyini görsünlər və işğal olunmuş torpaqlarımızdakı terror yuvaları ilə bağlı real vəziyyətlə tanış olsunlar. Ona da ümid edirdim ki, Azərbaycanın müvafiq hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri gəlib həmin konfransda terrorizmin Azərbaycana vurduğu zərbələrlə bağlı dolğun məruzələrlə çıxış edəcəklər və erməni terrorizmini faktlarla ifşa edəcəklər. Amma təəssüflər olsun ki, bu baş vermədi. Təsəvvür edin ki, hüquqşünas millət vəkillərinə də dəvətnamələr göndərmişdik, amma onların əksəriyyəti tədbirdə iştirak etmədi. Halbuki, dövlət başçısı hər dəfə rəsmilərə tapşırır ki, Azərbaycanın erməni terrorundan əziyyət çəkdiyini bütün platformalarda, bütün konfrans və tədbirlərdə dilə gətirmək və ifşa etmək lazımdır. İndi siz deyin, bu prezidentin siyasətinin əleyhinədir, yoxsa yox?

 – Təbii ki, əleyhinədir.

– Söhbət burada İlham Rəhimovdan getmir. Əslində həmin tədbiri biz İstanbulda keçirməliydik. Çünki İdarə Heyətində fikir bildirildi ki, Türkiyə də uzun illərdir terrordan əziyyət çəkdiyindən konfrans İstanbulda keçirilsin. Mənsə israr etdim ki, Azərbaycan regionda ən çox terrordan əziyyət çəkən ölkə olduğundan həmin konfransın Bakıda keçirilməsi daha ədalətli olar. Amma bizim rəsmilər belə bir tarixi şansı əldən verdilər. Özləri tədbirə gəlməkdən imtina etmələri azmış kimi, mediaya və telekanalara da bəzi şəxslər tərəfindən göstəriş verildi ki, İlham Rəhimovun təşəbbüsü ilə keçirilən bu konfransı qətiyyən işıqlandırmaq olmaz.

Moskvada keçirilən konfransda isə Rusiyanın bütün hüquq-mühafizə orqanlarının yüksək çinli nümayəndələri, tanınmış hüquqşünaslar, akademiklər, o cümlədən baş prokurorluğun rəhbərliyi, Ali Məhkəmənin iki üzvü, Rusiya İstintaq Komitəsinin sədri konfransda iştirak və çıxış etdilər.

– İlham müəllim, bir neçə gün öncə doğulduğunuz Tovuz rayonundan Sizin bu dəfəki seçki marafonuna qatılmağınız üçün çoxsaylı müraciətlər mediada işıq üzü gördü. Bəlkə Siz də bu dəfəki seçki marafonuna qoşulasınız.

– Doğrusu, həmin müraciəti mən Moskvada olanda eşitdim. Birincisi, Tovuzlular çox yaxşı bilir ki, mən imkan daxilində insanlara dəstək verməyə çalışmışam. Təbii ki, hamıya kömək etmək mümkün deyil. Ola bilsin ki, nə zamansa kimlərəsə əlimiz çatmayıb və bizdən inciyənlərin olması da təbiidir. Amma mən həmişə təkcə Tovuzlulara yox, çoxlarına kömək etmişəm və etməyə çalışmışam. O ki, qaldı həmin müraciətə, mən təkcə həmin müraciətə imza atanlara deyil, bütün Tovuzlulara minnətdarlığımı bildiriəm. Onlara çox səmimi sağ ol deyirəm. Namizəd olsam da, olmasam da, namizəd olub seçilsəm də, seçilməsəm də tovuzlulara münasibətim necədir, o cür də qalacaq. Tam səmimi sözümdür, həmin müraciət mənim üçün deputat mandatından qat-qat üstündür. O cür ürəkdən gələn səmimi münasibət mənə bəsdir.

– Prezident İlham Əliyevin bir neçə gün öncə ölkə televiziyasına müsahibəsində vacib məqamlardan biri də Azərbaycanın Qərbə, Avropa strukturlarına inteqrasiyası məsələsində ehtiyatlı mövqe sərgilənməsinin səbəbləri barədə ilk dəfə açıq danışması oldu. Onun bu açıqlamasından ən çox məmnun qalan rəsmi Moskva oldu təbii ki. Siz necə düşünürsünüz, doğrudanmı Qərb bizə qarşı ikiüzlülük edir?

– Doğrusu, prezidentin Qərblə bağlı açıqlamasından sonra Rusiyanın məmnun qalması barədə iddianızla bağlı bir şey deməkdə çətinlik çəkirəm. Həm də Azərbaycan dövlət başçısı hər hansı məsələ ilə bağlı fikirlərini bildirərkən ilk növbədə öz dövlət maraqlarını nəzərə almalıdır. Amma fakt faktlığında qalır ki, Rusiya-Azərbaycan münasibətləri olduqca yüksək səviyyədə olsa belə, görünür ki, bundan sonra daha da inkişaf edərək çox böyük zirvəyə qalxacaq. Ancaq mən o qənaətdə deyiləm ki, biz Rusiya ilə yüksək səviyyədə münasibətdəyiksə, Qərbdən üz döndərək. Birincisi, bu heç mümkün də deyil və doğrusu, Azərbaycan rəsmilərindən də bu cür açıqlamalara rast gəlməmişəm. Heç kimə sirr deyil ki, Azərbaycanın çoxmilyardlı layihələrinin əksəriyyəti Qərblə, Qərbin strukturları ilə inteqrasiya olunmaqla reallaşdırılıb. Azərbaycanın dövlət baçısı da çıxışlarında  qeyd edib ki, Azərbaycan Qərblə əməkdaşlığa nəinki davam etdirəcək, hətta bu əməkdaşlığı ölkənin maraqları istiqamətində inkişf etdirməkdə maraqlıdı. Buna TANAP layihəsinin, Azərbaycandan Avropaya qaz nəqlinə dair marşurutun uğurlu icrasını misal göstərmək olar. Çox vaxt jurnalistlər və siyasətçilər Rusiya ilə Qərbi qarşı-qarşıya qoymaqdan sanki zövq alırlar. Sizcə, Rusiya Qərblə əməkdaşlıqda maraqlı deyil?! Sadəcə olaraq bu gün dünyada mövcud situasiya elədir ki, Krım və Donbas məsələsinə görə Rusiya ilə Qərb arasında münasibətlər soyuyub. Amma Rusiya həmişə, hətta I Pyotrun vaxtından Qərblə əlaqələr qurmağa can atıb.

– Problem ondadır ki, biz Qərbdən uzaqlaşmırıq, Qərb bizdən uzaqlaşmaq siyasəti aparır. Qərb Qarabağ məsələsində işğalçıya birmənalı dəstək verməklə gerçək simasını ortaya qoyur.

– İnteqrasiya etmək heç də o demək deyil ki, Qərbin nə dəyərləri varsa, hamısını olduğu kimi kopyalayıb Azərbaycana da tətbiq etməliyik. Özünüz də yaxşı bilirsiniz ki, bu gün Qərbdə elə dəyərlər var ki, bizim üçün birmənalı olaraq qəbuledilməzdir. Lakin, müxtəlif sahələrdə  əməkdaşlıq Azərbaycana fayda verirsə, biz niyə bundan faydalanmyaq?!

– Bayaq bir ifadə işlətdiniz ki, Rusiya-Azərbaycan münasibətləri bundan sonra daha böyük zirvəyə qalxacaq. Amma o zirvədən baxanda nə Qarabağ görsənir, nə səmimi strateji müttəfiqlik…

– Qarabağ elə bir mövzudur ki, nə jurnalistlər, nə siyasətçilər, nə hüquqşünaslar ondan qaça bilmirlər və dəfələrlə fikir bildirilsə də, yenə nələrisə yenidən demək zərurəti yaranır. İndiyədək Qarabağla bağlı çox fikirlər bildirmişəm. Bilirsiniz, qəbul edin ki, öz bildiklərimin bir çoxunu mətbuat vasitəsilə ictimaiyyətə çatdıra bilmirəm. Ən azından bizi düşmən də izləyir.  Mən lap əvvəldən də demişdim ki, “5 rayon üstəgəl Dağlıq Qarabağın statusu və ən sonda 2 rayon” həll planı tələdir. Mən bu gün də həmin mövqeyimdə qalıram. Biz beynəlxalq hüquqa dayanaraq ərazi bütövlüyümüzün təmin olunmasını və işğala son qoyulmasını tələb edirik. Yəni konkret olaraq 7 rayonumuzun geri qaytarılmasını istəyirik və Dağlıq Qarabağa dünyada mövcud olan ən yüksək status verməyə hazır olduğumuzu bəyan edirik. Ermənilərsə 5 rayonu geri qaytarmaq qarşılığında Dağlıq Qarabağa müstəqillik istəyirlər, bununla da kifayətlənməyib Kəlbəcər və Laçından Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhliz olmasında israr edirlər. İndi gəlin görək Rusiya nə istəyir? Ona görə ki, burada əsas fiqur Rusiyadır.  Rusiya üçün əsas məsələ onun regionda maraqlarının təmin edilməsidir.

Fikrimcə, Rusiyanın mövqeyi belədir ki, o münaqişə tərəflərinə müraciət edərək deyir ki, siz öz aranızda razılığa gəlsəniz, sizə qarant olacam. Qarant variantlarından biri olaraq özünün sülhməramlı qoşunlarının münaqişə zonasına yeridilməsi ola bilər. Rusiyanı əsas düşündürən məsələ məhz münaqişənin həlli prosesində onun geopolitik maraqlarının ziyan görməməsidir.

– Bəs yerdə qalan 2 rayonumuz?

– İlk əvvəl onu qeyd edim ki, danışıqların dəqiq detallarını təbii ki rəsmi şəxslər daha dəqiq bilir. Lakin müxtəlif vaxtlarda Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması və həmin dəhlizə də sülhməramlı qoşun yeridilməsi ilə bağlı təkliflər səsləndirilib, müxtəlif  informasiyalar yayılıb.Yaxşı, tutaq ki, belə bir təklif səslənsin və Azərbaycan da lap buna razılıq versin. Amma soruşuruq ki, yaxşı, bəs Dağlıq Qarabağın statusu necə olacaq? Buna görə də bu planın uğurlu gələcəyinə inanmıram.

– Necə olur ki, Azərbaycanın strateji müttəfiqi olan bir ölkənin xarici işlər naziri bizə qarşı bu cür tələ qurmağa cəsarət edir?

– Nəinki Lavrov, digər həmsədrlər də zaman-zaman Lavrovdan betər anti-Azərbaycan təkliflər veriblər. Fikrimcə, Azərbaycanın beynəlxalq hüquqa görə öz torpaqlarını hərbi yolla işğaldan azad etmək hüququ var. Amma yaddan çıxarmayaq ki, hərbi əməliyyatlar Dağlıq Qarabağın sərhəddinə çatanda təkcə Rusiya yox, bütün dünya səsini ucaldacaq ki, mülki əhalinin həyatı təhlükədədədir. Hərbi əməliyyatlar yolu ilə isə biz əgər bütün Qarabağı azad edə bilməsək bu ümumiyyətlə həmin əməliyyatların nə qədər effeketiv olacağına dair suallar yaradacaq. Çünki bir neçə rayonu azad edəndən sonra ehtimal var ki, münaqişə zonasına sülhməramlı qüvvələr yerləşdirilsin. Bu isə ümumilikdə problemin həllinin gələcəkdə də onilliklərlə dondurulmuş vəziyyətdə qalması demək olacaq. Yaranacaq durum bizi indiki vəziyyətdən də çətin vəziyyətə sala bilər.

– Bəs çıxış yolu nədir?

– Biz ilk növbədə mudafiə imkanlarımızı daha da gücləndirməliyik. İqtisadi potensialımızı yüksəltməliyik. Eyni zamanda, diplomatik fəaliyyətimizi aktivləşdirməliyik. Biz indiki durumdan maksimum yararlanmalıyıq. Məhz kompleks tədbirlər bizə münaqişənin ərazi bütövlüyümüzun təmin edilməsi şərtilə həllinə imkan verə bilər. Bu istiqamətdə də imkanı olan hər bir şəxs var gücü ilə çalışmalıdır.

Biz mövcud vəziyyətdən də istifadə etməliyik. Elə bir şərait yaradılmalıdır ki, ermənilər Azərbaycanın maraqları təmin olunmadan onların normal yaşayış və təhlükəsizliyinin mümkün olmadığını başa düşsünlər.

– Bir müddət öncə Rusiyada yaşayan iş adamı Fərhad Əhmədov Azərbaycanda birmənalı qarşılanmayan açıqlamalarla, təkliflərlə çıxış etdi. Xəbəriniz varmı onun fikirlərindən? Nədən Rusiyaya bu və ya digər formada bağlı olan adamların hətta xoşniyyətli təlif və açıqlamaları Bakıda nizə ilə qarşılanır?

– Fərhad Əhmədovun təkliflərini mən də oxumuşam. Onu yaxşı tanıyıram, bilirəm ki, onun heç bir iddiası yoxdur. Azərbaycan üçün canını yandıran və xeyirxah adamdır. Fərhad Əhmədov istəyir ki, Azərbaycanda insanlar yaxşı yaşasın, ədalətli cəmiyyət olsun və xalqımız firavan dolansın. O ki, qaldı onun təkliflərinə, mən orada dövlətin və xalqın əleyhinə heç nə görmədim. Ona görə də açığı, onun fikirlərinin top-tüfənglə qarşılanmasını başa düşmədim. Siz doğru deyirsiniz, nədənsə Azərbaycanda müəyyən dairələrdə Rusiyada yaşayan tanınmış adamlara qarşı bir qısqanclıq mövcud olub.

 – Yəqin fikirləşirlər ki, Rusiya həmin adamların əli ilə Azərbaycanda hansısa siyasi oyunlar oynaya bilər.

– Mən və Rusiyada yaşayan azərbaycanlılar heç vaxt elə bir əsas verməmişik ki, bizim haqqımızda nəsə belə düşünülüsün.

– “Milyarderlər İttifaqı” söz-söhbətindən sonra bu qısqanclıq yaranmağa başladı və bu günədək davam edir…

– Bu barədə fikrimi mən o zaman da bildirmişdim. Əvvəla, orda nə Bakıda deyildiyi kimi ittifaq var idi, nə də hanısa milyarder. Bircə milyarder vardı onların içərisində. Sadəcə Bakıda mətbuat sensasiya xatirinə o adı qoymuşdular. Axırı nə oldu? Həmin o adamları Azərbaycanla düşmən etdilər, hərəsinin dalınca olmayan bir şey danışdılar. Azərbaycana lazım idi bu? Bir tərəfdən deyirik ki, Rusiyada diaspora yaradaq, o biri tərəfdən Rusiyadakı tanınmış azərbaycanlıların əleyhinə Bakıda bu cür mənasız və ziyanlı təbliğat aparırıq. O zaman biz o diasporu necə yaradacağıq?

– Elə diaspora yarada bilmədiyimizlə bağlı da sual verəcəkdim…

– Ona görə ki, Rusiyada yaşayan Azərbaycan elitasını bir qismi incik düşdü. Bunun da əsas səbəblərindən biri o vaxt bu sahə ilə məşğul olan bəzi rəsmilərimizin günahı idi ki, onların bir çoxu artıq vəzifələrindən uzaqlaşdıırlıb. Ümid etmək istəyirəm ki, yeni kadrlar bu məsələ ilə bağlı da daha uzaqgörən və faydalı siyasət yürüdəcəklər.

– Deyəsən təkcə Bakıdan deyil, elə özləri də biri-birindən küsdülər…

– Bir-birindən küsdülər söhbəti yoxdur. Biz burdan onlara o cür münasibət göstərməklə Vətəndən küsdürdük. Hələ mənim haqqımda da nə qədər mənasız şeylər yazdılar? Eləcə də  başqaları barəsində ağılagəlməz yazılar yazdılar. Hərənin adına bir şey qoşub könül bulandırdılar. Halbuki biz çox güclü diaspora yaratmaq istəyirdik, çünki bu işlə hələ 2000-ci illərin əvvəllərindən məşğul olanlardan biri də mən idim.

 – İndi Siz çəkilib oturmusunuz kənarda?

– Bu cür münasibətlər bizi incitsə də, Rusiyada güclü diaspora yaratmaq hamının, o cümlədən də mənim borcumdur.

– Dilqəm Əsgərovun ailəsi br neçə ay öncə şəxsən Vladimir Putinə və ya rəsmi Moskvanın hər hansı ali təmsilçisinə çatdırmaq üçün Sizə rus dilində yazılmış məktub vermişdi. Həmin məktubun taleyi ilə maraqlanırlar.

– Mən həmin məktubu şəxsən Moskvada kimə lazımdırsa ona çatdırdım. Sadəcə, gumanlarıma görə bu gün Rusiya ilə Ermənistanın hakim komandası arasında münasibətlərin səviyyəsi problemin həllini ləngidir.

– Doğrudanmı Rusiyanın Paşinyana təsir etmək imkanı yoxdur?

–  Rusiya ilə Ermənistanın tarixi strateji münasibətləri və iki ölkənin rəhbərliyi arasındakı münasibətlərin səviyyəsi tam fərqli şeylərdir.

Bir məsələni də qeyd edim. Bizdə təbii ki işğalçı dövlətin rəhbəri kimi Paşinyanı tənqid edirlər və bu təbiidir, dediyim kimi düşmən dövlətin faktiki rəhbəridir. Tutaq ki, sabah Paşinyan getdi, onun yerinə kim gələcək? Koçaryan kimi birisi gəlib yenə də Ermənistanla Rusiyanın münasibətini daha yaxşı səviyyəyə qaldıracaq. Ona görə müsahibənin əvvəlində qeyd etdim ki, indiki vəziyyətdə Azərbaycan bundan istifadə etməlidir.

– Bəlkə bu gün bizə görsənən soyuq münasibətlər əslində aldadıcıdır və aysberqin görünməyən tərəfində hətta Koçaryan və Sarkisyan dönəmindəkindən daha isti münasibətlər var.

– Elə deyil, sadəcə Ermənistanla Rusiyanı o qədər sıx tellər bağlayır ki, bir-birindən sanki asılı durumdadırlar.

 – Ermənistan bu qədər işğaldan doymayıb indi də torpaqları geri qaytarmaq əvəzinə Rusiyadan kredit adı altında peşkəş kimi əldə etdiyi müasr silahlarla Azərbaycanı hədələyir. Bunun günahı Rusiyada deyilmi?

– Bunun çox sadə bir izahı var. Azərbaycandan fərqli olaraq Ermənistanla Rusiyanı iki hərbi müqavilə bağlayır. Onlardan biri KTMT üzvlüyü çərçivəsində, digəri də iki ölkə arasında bağlanmış 49 illik hərbi müqavilədir. Eyni zamanda, Rusiyanın Ermənistanda çox böyük hərbi bazası var. Həmin müqaviləyə əsasən Rusiya digər ölkələrdən, tutaq ki, Azərbaycandan fərqli olaraq Ermənistana çox ucuz qiymətə silah satır. Sizə bir vacib məqamı da deyim: həmin müqaviləyə əsasən elə silahlar var ki, onların KTMT üzvü olmayan ölkələrə satılması ümumiyyətlə qadağan edilib. Amma son illər bizim Rusiya ilə yüksək səviyyəli münasibətlərimiz KTMT üzvü olmasaq belə müasir silahlar, tutaq ki, SU-57 tipli müasir döyüş təyyarələri almağa imkan verir.

– Sonda belə bir sadəlöhv sualla söhbətimizə yekun vurmaq istərdik. Azərbaycanın KTMT-yə üzvlüyünün qarşılığında Rusiya Qarabağ münaqişəsinin ədalətli həllinə yardım edə bilərmi?

– Belə fikirlər müxtəlif kütləvi informasiya vasitələrində və ayrı-ayrı siyasi ekspertlər tərəfindən səsləndirilib. Lakin mən bununla bağlı Rusiya tərəfindən hər hansı təklif eşitməmişəm ki, Azərbaycan KTMT-nin üzvü olsun və bununla da Qarabağ problemi həll ediləcək. Guman etmirəm ki, Qarabağ məsələsinin həlli Azərbaycanın KTMT-üzvü olmadığından dalana dirənib. Unutmaq lazım deyil ki, Ermənistan uzun illərdir bu təşkilatın üzvüdür.

– Bu günlərdə “Kommersant” qəzeti Rusiyanın Tümen vilayətindəki Antipinsk neft emalı zavodu ilə bağlı maraqlı yazı ilə çıxış edib və Sizin də həmin zavodla bağlı olduğunuzu iddia edib…

– Yadımdadır, bir neçə ay bundan qabaq mətbuatda belə bir xəbər getmişdi ki, guya Rusiya SOCAR-ı Tümendəki heç kimə lazım olmayan həmin neftayırma zavodunu 3 milyard dollara almağa təhrik edib. Əslində, Antipinsk neft email zavodu ən son müasir texnologiyalar əsasında tikilən müəssisədir. Sadəcə olaraq zavodun maliyyə və idarə olunması ilə bağlı problemləri var idi. Rusiyanın SBERBANK-ı müəssisənin əsas maliyyə problemlərini həll edib. SOCAR isə bu sahədə təcrübəli şirkət olaraq müəssisənin operatorluğunu öz üzərinə götürüb.

Amma “Kommersant” qəzetində bu haqda geniş şəkildə yazıldığından qısaca bildirim ki, SOCAR-ın da, mənim də həmin zavoda aidiyyatımız var. Mənim, SOCAR-ın və Rusiyanın bu zavoda nə dərəcədə aidiyyatı var, bunun hamısını “Kommersant” qəzeti təfsilatı ilə yazıb. Yəni artıq zavod işə düşüb və mən də orada iştirak edirəm. Əsl həqiqət budur. SOCAR bu gün həmin zavoddan pul qazanır,  zavodu faktiki olaraq işlədən SOCAR-dır. Bunu ona görə deyirəm ki, ictimaiyyət həqiqəti bilməlidir. Azərbaycanın  Rusiyanın hansısa lazımsız zavoduna guya 3 milyard dollarlıq sərmayə qoyması barədə yanlış məlumatlarla cəmiyyəti çaşdırmaq lazım deyil.