Məşhur müğənni və aktrisa Cennifer Lopez aktyor Ben Afflekdən boşandıqdan sonra ilk dəfə şərh verib.
Azpost.info bildirir ki, “Interview” jurnalının üz qabığı üçün bəbir rəngli geyimdə pozalar verən 55 yaşlı müğənni həyatının bu il gözləri önündə necə “partladığından” və hələ də öyrənməli olduğu həyat dərsləri haqqında danışıb. O, keçmiş əri Benin adını çəkməməyə üstünlük verib.
“Həddən artıq ağır oldu. Tənhalıq, qorxu, kədər, ümidsizlik hissləri. Amma fikirləşəndə anlayırsan ki, bu baş verənlər məni öldürməyəcək… Münasibətlər məni müəyyən etmir. Mən xoşbəxtliyi başqa insanlarda axtara bilmirəm. İçimdə xoşbəxtlik olmalıdır. Əvvəllər deyirdim ki, xoşbəxt insanam, amma yenə də nəsə axtarırdım, məni doldura biləcək birini”.
“Bu yay deməli oldum: “Getmək və tək qalmaq…Bunu bacara biləcəyimi özümə sübut etmək istəyirəm”, – deyə Lopes bildirib. Aktrisa peşman olmadığını vurğulayıb.
“Bilirəm ki, haqqımda yazılan və deyilənlərin hamısı mən deyiləm. Mən bunu çoxdan başa düşmüşəm”, – deyən Lopez sosial şəbəkələri ciddi qəbul etmədiyini bildirib.
“Mən yaxşı insan olduğumu bilirəm. Mən yaxşı ana olduğumu bilirəm. Dostlarımın kim olduğunu bilirəm. Mən bilirəm ki, dostlarım mənim kim olduğumu bilirlər…”