“2019-cu ilin İş planına uyğun olaraq, məxfi qaydada keçirilmiş auditlər də daxil olmaqla 46 auditin nəticələri üzrə məlumatlar Milli Məclisə təqdim olunub”.
APA-nın məlumatına görə, bu, bu gün Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclaslında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov tərəfindən təqdim edilən “Azərbaycan Respublikası Hesablama Palatasının 2019-cu ildə fəaliyyəti barədə hesabatı”nda yer alıb.
V.Gülməmmədov bildirib ki, hesabat ilində auditlərin 34-ü Bakı şəhərində, 11-i respublikanın ayrı-ayrı rayon və şəhərlərində, 1 isə xarici ölkədə yerləşən səfirlikdə aparılıb: “2019-cu ildə 47 audit və 6 analitik fəaliyyət həyata keçirilib. Hesabatda 43 maliyyə və uyğunluq auditin nəticələri icmallaşdırılıb. 2019-cu ildə Hesablama Palatasının auditorlar tərəfindən 561 sayda nöqsan müəyyən edilib. Bu hər bir auditə orta hesabla 13,1 nöqsan deməkdir. Əvvəlki illərlə müqayisədə nəzarət tədbirlərinin sayı 18,9%, nöqsanların sayı 21,4% azalıb. Nəticədə, 2018-ci illə müqayisədə 1 tədbirə düşən nöqsan sayının azalması təqribən 3% təşkil edib. Əvvəlki illərdə olduğu kimi, əsas pozuntular büdcə qanunvericiliyi, dövlət satınalmaları, dövlət əsaslı vəsait qoyuluşları kimi sahələrdə, eləcə də mühasibat uçotu və hesabatla bağlı sahələrdə üstünlük təşkil edir”.