Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü münasibətilə həmin qurumların rəsmilərinin, media subyektlərinin rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyası zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə aksiyasının keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.
Qeyd edək ki, ümumilikdə, 3 hektar ərazidə 3 min ağac əkilib.
“Bu gün biz Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə media nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçiririk. Gördüyünüz kimi, Azərbaycanın aparıcı media subyektlərinin təmsilçiləri böyük həvəslə aksiyada iştirak edirlər”.
Bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov jurnalistlərə deyib.
O bildirib ki, Azərbaycanda müstəqil mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır.
“Ulu Öndər həmişə jurnalist peşəsinə dərin hörmət bəsləmiş, mətbuat işçiləri ilə yaxın təmasda olub. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamızda söz, fikir və məlumat azadlığı ilə bağlı konkret müddəalar əksini tapıb. Məhz Ulu Öndərin təşəbbüsü, siyasi iradəsi və böyük səyləri nəticəsində Azərbaycanda 1998-ci ildə mətbuat üzərindən senzura ləğv edilib.
2002-ci ilin martında Azərbaycan jurnalistləri arasında keçirilmiş sorğu nəticəsində Heydər Əliyevin “Jurnalistlərin dostu” seçilməsi Ümummilli Liderin medianın inkişafına diqqət və qayğısının məntiqi nəticəsi olub.
Ulu Öndərin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev medianın inkişafına əlverişli şərait yaradılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib.
Ümummilli Liderimiz Heydər Əliyevin nurlu xatirəsi Azərbaycan mətbuatının tarixində, Azərbaycan jurnalistlərinin qəlbində əbədi yaşayacaq, Azərbaycan jurnalistləri Ulu Öndərimizi həmişə qədirbilənliklə anacaqlar”, deyə Əhməd İsmayılov vurğulayıb.