“Mən bu gün də Akif Çovdarovun vəkiliyəm və sonuncu prosesdə də vəkillik etmişəm”.
Azpost.info bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında vəkil Kamandar Nəsibov deyib. Vəkil general-mayor Akif Çovdarovun müsadirə olunmuş əmlakların geri qaytarılması ilə bağlı Bakı Apellyasiya Məhkəməsi qərarını şərh edib.
Kamandar Nəsibov bildirib ki, məsələ ilə bağlı Apellyasiya Məhkəməsinin qərarı Ali Məhkəmədə ləvğ olunub və yeni baxışa göndərilib: “Əmlakların geri qaytarılması deyəndə, burada bir dəqiqləşdirməyə ehtiyac var. Apellyasiya Məhkəməsi işə yenidən baxıb, araşdırıb, hesab edib ki, əmlaklar Akif Covdarova yox, başqa mülkiyyətçilərə aiddir. Bu səbəbə görə, hökmün həmin hissəsi ləvğ olunub və müsadirə edilmiş əmlak mülkiyyətçilərə qaytarılıb”.
Hakim Habil Məmmədovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə müsadirə olunmuş əmlaklar sahiblərinə geri qaytarılmalıdır. Bazar dəyəri 30 milyon manata yaxın qiymətlındirilmiş sözügedən əmlaklar Akif Çovdarovun ailə üzvlərinə məxsusdur.
Xatırladaq ki, Akif Çovdarov 2015-ci ildə həbs olunub. Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunan general-mayor Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb.