Bu gün Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Azərbaycan və Özbəkistan arasında münasibətlərin tarixində yeni mərhələ başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalanıb.
Sənəd iki ölkə arasındakı münasibətləri daha yüksək siyasi səviyyəyə qaldırır və qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlik əsasında əbədi dostluq münasibətlərinin hüquqi çərçivəsini müəyyənləşdirir.
Bir-birinin suverenliyinə qarşı ittifaqlara qoşulmayacaqlar
Müqaviləyə əsasən, Azərbaycan və Özbəkistan beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarını rəhbər tutaraq bir-birinin inkişaf yolunu və milli reallıqlarına uyğun seçdiyi inkişaf modellərini dəstəkləyəcək.
Sənədin mühüm müddəalarından biri təhlükəsizliklə bağlıdır.
İki ölkə digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vura biləcək hər hansı blok və ya ittifaqda iştirak etməməyi öhdəsinə götürür.
Tərəflər həmçinin öz ərazilərindən üçüncü ölkələrin digər tərəfin dövlət suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı istifadə etməsinə imkan verməyəcəklər.
Bununla yanaşı, Azərbaycan və Özbəkistan öz ərazilərində digər tərəfin maraqlarına və təhlükəsizliyinə zərər vura biləcək təşkilat və qrupların yaradılmasına və fəaliyyətinə yol verməyəcəklər.
Əməkdaşlıq geniş sahələri əhatə edəcək
“Əbədi dostluq haqqında Müqavilə” siyasi və təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Sənəd iki ölkə arasında iqtisadi, nəqliyyat, mədəni və humanitar əməkdaşlığın genişləndirilməsini də nəzərdə tutur.
Tərəflər ticarət-iqtisadi və investisiya əlaqələrini inkişaf etdirmək, energetika, nəqliyyat və logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, “yaşıl” və rəqəmsal iqtisadiyyat, elektron ticarət, informasiya-kommunikasiya və kosmik texnologiyalar sahəsində birgə layihələri dəstəkləmək barədə razılığa gəliblər.
Müqavilədə nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılması, yüklərin və sərnişinlərin daha əlverişli daşınması üçün qarşılıqlı əlaqəli nəqliyyat sisteminin gücləndirilməsi də xüsusi yer tutur.
Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisi
Sənəddə xalqlar arasında mənəvi, təhsil və mədəni yaxınlığın qorunması da nəzərdə tutulur.
Tərəflər elm, təhsil, tibb, mədəniyyət, mədəni irs, gənclər, turizm və idman sahələrində əməkdaşlığı inkişaf etdirəcəklər.
Müqavilənin diqqətçəkən müddəalarından biri Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisi üçün şəraitin yaradılmasıdır. Həmçinin elmi və təhsil müəssisələri arasında birbaşa əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Şəhərlər və regionlar arasında əməkdaşlıq
Azərbaycan və Özbəkistan regionlararası əməkdaşlığın inkişafını da təşviq edəcək, şəhərlər və regionlar arasında tərəfdaşlıq əlaqələrinin qurulmasına dəstək verəcəklər.
İki ölkə həmçinin turizm potensialının birgə irəlilədilməsi və Azərbaycanla Özbəkistanın turizm məhsullarının beynəlxalq səviyyədə daha geniş tanıdılması istiqamətində əməkdaşlığı gücləndirəcək.
Beləliklə, Daşkənddə imzalanan “Əbədi dostluq haqqında Müqavilə” Azərbaycan-Özbəkistan münasibətlərində strateji tərəfdaşlıq və müttəfiqlik mərhələsindən daha geniş siyasi və hüquqi çərçivəyə keçidi ifadə edir.