İlham Əliyev və Mirziyoyev Azərbaycan şirkətlərinin yeni layihələrini açdılar –Bankdan SOCAR-a, Sea Breeze-dən məktəblərə

Azərbaycanın Özbəkistandakı iqtisadi və investisiya fəaliyyəti genişlənir. Daşkənddə Azərbaycan şirkətlərinin bank, sənaye, təhsil, enerji, tikinti, turizm, mədənçilik və kənd təsərrüfatı sahələrində həyata keçirdiyi yeni layihələrin açılışı və təməlqoyma mərasimi keçirilib.

Azpost.info xəbər verir ki, avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tədbirdə onlayn formatda iştirak ediblər.

Tədbir çərçivəsində Azərbaycanın Özbəkistandakı bir sıra mühüm layihələrinin açılışı olub. Belə ki, Azərbaycan Beynəlxalq Bankının “Davr Bank” layihəsi, “Matanat-A” şirkətinin gips zavodu və “Landau Education Group” tərəfindən həyata keçirilən “Landau” adına iki STEAM məktəbi istifadəyə verilib.

Eyni zamanda, Azərbaycan şirkətlərinin Özbəkistanda yeni iri layihələrinin təməli qoyulub.

Bunlar SOCAR-ın beş yeni yanacaqdoldurma məntəqəsi, “Agalarov Development” tərəfindən həyata keçirilən “Sea Breeze Uzbekistan” yaşayış və istirahət kompleksi, TuranAZ şirkətinin “Baku City” yaşayış kompleksi, “Sur Gold and Silver Project” çərçivəsində gümüş tərkibli filizin emalı üzrə zənginləşdirmə fabriki və “Gold Fresh Fruits” layihəsi çərçivəsində yaradılacaq meyvə bağlarıdır.

Layihələrin açılışı və təməlqoyma mərasimi Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm iqtisadi hadisə kimi diqqət çəkir. İki ölkə arasında siyasi münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlikdən əbədi dostluq səviyyəsinə yüksəlməsi biznes və investisiya əməkdaşlığına da yeni imkanlar açır.

Yeni layihələr Azərbaycanın Özbəkistan iqtisadiyyatındakı iştirakını genişləndirəcək, eyni zamanda iki ölkə arasında qarşılıqlı investisiya, ticarət və sahibkarlıq əlaqələrinin daha da güclənməsinə şərait yaradacaq.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.