“İlkin hadisəni gördüyü üçün bəlaya düşüb”-"Nərmin işi" davam edir (MƏHKƏMƏ)

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması bu gün də davam etdirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda kənd sakini Altay Ələkbərov, İlkin Süleymanovun valideynləri və polis mayoru Azər Məmmədov dindirilib.

Altay Ələkbərovun sözlərinə görə, həmin gün naqil almaq üçün bacısıgilə gedib və Nərminin yanan meyitini də o vaxt görüb.

Vəkillərin “Nəyə görə getdiyin yolla yox, ayrı yolla qayıtmısan?” sualına şahid cavab verməkdə çətinlik çəkib.

Məhkəmədə məlum olub ki, Altay Ələkbərovun adı Nərminin yanmış meyitini İlkin Süleymanovgilin evinin yaxınlığına atmaqda hallanıb. Həmin vaxt cinayət işi ilə bağlı onun evində ekspertiza da aparılıb. Şahid cinayət işində adının hallanması barədə şikayət də edib.

Məhkəmədə Altay Ələkbərovun 9 yaşlı oğlu da dindirilib.

Daha sonra İlkin Süleymanovun atası İbrahim Süleymanov və anası Gülnaz Süleymanova da ifadə verib.

İbrahim Süleymanov ifadəsində oğlunun cinayət işi ilə əlaqəsi olmadığını, Nərminin yanmış meyitini qəsdən gətirib evlərinin yaxınlığına atıldığını deyib:
“Var qüvvələri ilə çalışırlar ki, İlkin həbsdə qalsın. Halbuki İlkin günahsızdır. Nərmin itkin düşən vaxt mən insult keçirmişdim. İlkin gecələr mənimlə birgə qalırdı. Nərminin saxlanıldığı deyilən evdə həmin müddətdə dəfələrlə olmuşuq. Müstəntiq mənə deyir ki, oğlun Nərminə dəfələrlə təcavüz edib”.

İlkin Süleymanovun atası ifadəsində həmin vaxt Baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşdüyünü xatırlayıb: “Rüstəm Usubova oğlumun günahsız olduğunu dedim. Bildirdim ki, necə ola bilər, Nərmin 47 gün bir otaqda qalıb, amma saçının bir teli belə düşməyib. Mənə dedi ki, görünür elə təmizləyib, heç bir iz qalmayıb”.

İbrahim Süleymanov onu da deyib ki, yanvarın 9-da gecə saat 4 radələrində rayonun o vaxtkı polis rəisi Şirzad Əsgərov və müavini onların evinə gəliblər. Burada isə məqsəd İlkinin Nərmini evdə saxlaması sübut etmək olub.

Prosesdə daha sonra polis mayoru Azər Məmmədov ifadə verib. O deyib ki, yanvarın 9-dan 10-a keçən gecə evdə olub. O, həmin gecə ümumiyyətlə Murad Süleymanova zəng etmədiyini qeyd edib.

Təqsirləndirilən şəxsin vəkilləri şahidin dediklərinin düzgün olmadığını bildiriblər. Müdafiəçilər cinayət materiallarının içində həmin gün şahidin Murad Süleymanova zəng etməsini təsdiq edən sübutlar olduğunu deyiblər.

İlkin Süleymanovun anası da ifadəsində oğlunun cinayət işi ilə bağlı heç bir əlaqəsi olmadığını deyib. O bildirib ki, oğlu Nərmin itkin düşən müddətdə toyda, hüzr məclislərində iştirak edib: “Mənim oğlum hadisəni gördüyü üçün bəlaya düşüb”.

Növbəti proses aprelin 20-nə təyin olunub.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb. (APA)

Əvvəlki məqalə

Ronaldo futbol klubunu 70 milyon dollara aldı

Sonrakı məqalə

Elektrik sayğaclarının mənzillər və evlərdə quraşdırılması qaydası dəyişib