“Hazırda hər 100 vətəndaşdan 14-ü YAP-a səs verməyə hazırdır. 60 nəfər isə səsverməyə gedib-getməyəcəyini bilmir”.
Azpost.info bildirir ki, bu barədə REAL partiyasının sədri İlqar Məmədov keçirdikləri ictmiai rəy sorğusunun nəticələrinin təhlil edərək yazıb.
Onun sözlərinə görə, həmin 60 nəfər seçkiyə getməsə belə YAP-ın düzgün seçkidə nəticələri dərhal 35 faizə qalxacaq: “Aydındır necə: səsverməyə qatılan 40 nəfər 100 faiz kimi götürüldükdə, 14 nəfər bunun 35 faizini təşkil edir”.
REAL sədri bildirib ki, Azərbaycanda heç vaxt 40 faiz seçici səsverməyə qatılmayıb: “Ona görə, bəlkə də elan olunan bu iştirak səviyyəsi qismən həm də REAL-ın apardığı kampaniyanın səmərəsindən xəbər verir. Amma YAP üzərində inamlı qələbə üçün bu hələ də azdır”.
İ. Məmmədov deyib ki, REAL-ın seçiciləri iki yerə bölünüb – bir xeylisi iştirakda qərarlıdır, amma ən azından bir o qədəri də hələ qərarsızdır: “Əgər REAL boykot etsə (çətin!) və səsverməyə həmişəki qədər az seçici qatılsa, faiz baxımından YAP çox da geniş saxtakarlıq etməyəcək, çünki o 14 nəfər çoxluq demək olacaq. Bir az “müstəqillər”in xeyrinə saxtalaşdırarlar, bununla da məsələ bitər”.
REAL sədri vətəndaşı seçkiyə dəvət etmək çox vacib olduğunu qeyd edib: “Qələbə qazanmağın və qələbəni qorumağın birinci şərti kütləvi iştirakdır”.