“İmkan vermədilər ki, özümü yad hiss edim”-İsveç klubunda oynayan Musa Qurbanlı /MÜSAHİBƏ

İsveçin “Yurqorden” klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı karyerası, İsveç futboluna adaptasiyası və gələcək planları barədə AZƏRTAC-a müsahibə verib.

Azpost.info müsahibəni təqdim edir.

– Əvvəlcə özünüz və futbola gəlişiniz haqqında məlumat verərdiniz.

– 2002-ci ildə Bakıda anadan olmuşam. Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyi bitirmişəm. Ali təhsilimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində almışam. Futbola marağım lap körpəlikdən yaranıb. Atam futbolçu olduğuna görə ona baxıb hər zaman bu idman növü ilə məşğul olmağa can atmışam. Futbola marağım həddindən artıq olub. Buna görə də uşaq yaşlarımdan futbola başlamışam.

– “Yurqorden”dən əvvəl “Neftçi”, “Qarabağ” və “Zirə” komandalarında çıxış etmisiniz. Bu klubların karyeranızda rolu barədə nə deyə bilərsiniz?

– “Qarabağ” peşəkar karyerama başladığım, futbolçu və şəxsiyyət kimi yetişməyimdə hədsiz rolu olan klubdur. Hələ də bu komandanı çox sevir və dəstəkləyirəm. Futbola isə “Neftçi”də başlamışam. 15-16 yaşıma qədər “ağ-qaralar”ın akademiyasında oynamışam. “Neftçi”nin də üzərimdə əməyi danılmazdır. 19 yaşımda mövsümün yarısını icarə əsasında “Zirə”də keçirmişəm. Bu klubun da təcrübə toplamağımda böyük rolu olub.

– Ötən mövsümün sonunda “Qarabağ”ı “Yurqorden”ə dəyişdiniz. Necə oldu ki, məhz İsveç klubunu seçdiniz?

– Bu komandanı seçməkdə səbəb onların məni qətiyyətlə klubda görmək istəmələri, Avropada ilk addım və təcrübə baxımından mənim üçün ən uyğun klubun “Yurqorden” olduğunu düşünməyim oldu. Nəticədə Stokholm təmsilçisi ilə üçillik müqavilə imzaladım.

– Yeni komandanıza adaptasiya prosesi necə keçir? Deyəsən, artıq “Yurqorden”in oyun üslubuna uyğunlaşırsınız…

– Adaptasiya prosesi çox yaxşı keçir. Komanda yoldaşlarım sağ olsunlar, məni birinci gündən çox mehriban və isti qarşıladılar. Necə deyərlər, imkan vermədilər ki, özümü yad hiss edim. İsveçdə isə demək olar ki, hamı ingiliscə bilir və bu, mənim işimi bir qədər də asanlaşdırdı. Meydandakı adaptasiya da artıq yaxşıdır. İnanıram ki, oyundan-oyuna daha yaxşı olacaq.

– Yeri gəlmişkən, İsveç çempionatının sonuncu turunda “Degerfors” ilə oyunda (4:1) iki qol və bir məhsuldar ötürmə ilə yadda qaldınız. Həmin görüşlə bağlı təəssüratlarınızı da bilmək maraqlı olardı…

– Oyun çox möhtəşəm alındı. Uzun zamandan sonra evdə ilk matçımız idi. Stadionda fantastik atmosfer hökm sürürdü. Azarkeşlər möhtəşəm idi və nəticə də buna uyğun oldu. Çempionatda ilk qollarımı doğma publika qarşısında vurmağım məni hədsiz sevindirdi. Bir sözlə, möhtəşəm hisslər idi.

– Gələcək planlarınız barədə nə deyə bilərsiniz?

– Hər gün üzərimdə işləyərək öz performansımı və ustalığımı artırmaq, inkişaf etdirmək istəyirəm. Hələ 21 yaşım var. İnkişaf üçün yetərincə enerjim və vaxtım var. Buna görə də məqsədim maksimum dərəcədə çalışıb inkişaf etməkdir.

– İndiyədək futbolçu karyeranızda başınıza gələn hansısa unudulmaz və maraqlı hadisə olubmu?

– Açığı, indi maraqlı əhvalat yadıma düşmədi, gərək, uzun müddət fikirləşim (gülür). Amma ən unudulmaz an kimi futbolda debüt oyunumu və milli komandadakı ilk qolumu qeyd edə bilərəm.

Əvvəlki məqalə

Paşinyan və Makron telefonla danışdılar

Sonrakı məqalə

Azərbaycan XİN fransalı nazirə cavab verdi