“İqtisadiyyata artıq “bomba” düşüb, şirkətlər bankrot olacaq, işsizlik artacaq” –NATİQ CƏFƏRLİ

“2020-ci ildə elan edilən “pandemiya”  iqtisadiyyatın təməlini zədələdi. İnstitutsional olaraq heç bir addım atılmadı. Ancaq likvidlik bolluğu ilə iqtisadi çətinliklərlə mübarizə aparıldı. İllik 84,7 trilyon dollarlıq ÜDM olan dünya iqtisadiyyatına 17,2 trilyon dollar vəsait axıdıldı. Nəticədə likvidlik bolluğu dünyada inflyasiyanı tətiklədi -bütün aktivlərin, əmtəələrin qiyməti artmağa başladı. “Pandemiyada” dünya qapanırdı, amma səhm bazarı, əmtəələr, inflyasiya yüksəlirdi. Bu mənasız “pul yağışının” nəticəsi idi. İndi FED-in liderliyi ilə dünya dövlətləri ayılıb addımlar atmağa başlayıb. Səpdikləri pulları yığmaqla inflyasiya ilə mübarizə aparmaq istəyirlər”.
Azpost.info bildirir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli dünyada baş verən iqtisadi gərginliyi şərh edərkən yazıb.
Onun sözərinə görə, indi FED faizləri artırır, onlara baxıb bütün dünya ölkələrin Mərkəzi Bankları da faiz artırmaqla məşğuldular: “Bu bir neçə ay üçün inflyasiyanı cilovlaya bilər. Amma baha likvidlik, artan kredit faizləri dünya iqtisadiyyatının kəskin daralmasına, aktivliyin azalmasına, işsizliyin artasına səbəb olacaq. Bir dərdi (inflyasiyanı) cilovlamaq istəyəndə, digər dərdi (ressesiya və iqtisadi böhranı) alovlandırırlar”.
N. Cəfərli bildirib ki, artıq bir çox beynəlxalq nüfuzlu təşkilatlar, banklar, yatırım fondları həyəcan təbili çalmağa başlayıb: “JPMorgan Chase & Co”-nun CEO-su Jamie Dimon açıqlama verib ki, ABŞ iqtisadiyyatı yaxın aylarda tam resessiyaya girəcək. Ciddi iqtisadi daralma qeydə alınacaq. Nəzərə alın ki, ABŞ iqtisadiyyatı “asqıranda” dünya iqtisadiyyatı həmən “sətəlcəm” olur”.
Ekspertin sözlərinə görə, dünya iqtisadiyyatına artıq böhran “bombası” düşüb: “Bu o deməkdir ki, yaxın aylarda dünyada işsizlik, xalqların qəzəbi artacaq, böhran dərinləşəcək. Dünya təcrübəsi və tarixi onu deyir ki, iri ölkələrin, şirkətlərin bankrot olmadan, yüz milyonlarla insan kasıblaşmadan belə böyük böhranlardan çıxması mümkün deyil. Əslində dünya həmişə belə vəziyyətlərdən irimiqyaslı müharibə ilə çıxırdı. İndi məhz atom silahının mövcudiyyəti böyük müharibənin qarşısını alır. Ona görə də atom silahından yox, iqtisadi “partlayışlardan” qorunmaq haqqında düşünmək, bunun yollarını tapmaq lazımdır”.
Əvvəlki məqalə

Putin və Ərdoğan Astanada nələri müzakirə edəcək?

Sonrakı məqalə

Daha 92 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib