“İran dövləti AXC-Müsavat hakimiyyəti illərində Azərbaycana lazımı dəstəyi verməyib. Əksinə, İran daha çox işğalçı Ermənistanın ayaqda dayanmasına şərait yaradıb”.
Azpost.info-nun məlumatına görə, bu fikirləri demokrat.az-a açıqlamasında AXC hakimiyyəti dövründə Azərbaycanın baş naziri olmuş Pənah Hüseyn bildirib.
Pənah Hüseyn deyib ki, İran müsəlman dövləti olaraq Azərbaycan ərazilərinin xristian dövlətləri tərəfindən işğal edilməsi faktına Türkiyə dövləti kimi açıq qarşı çıxmalı idi: “Çox təəssüf ki, həmin dövrdə biz müsəlman və qonşu İran dövlətinin rəhbərliyindən bu qətiyyəti görmədik. Ancaq İran AXC-Müsavat hakimiyyətinə müəyyən dəstəyi də verib. Bu daha çox hümanitar yardım dəstəkləri və silah-sursat olub”.
Keçmiş baş nazir qeyd edib ki, əgər Azərbaycanın tarixi ərazisi olan Qarabağ uğrunda gedən döyüşlərdə İran da Türkiyə kimi dirəniş göstərsəydi, o zaman vəziyyət tamam fərqli ola bilərdi: “İran işğalçı Ermənistana bu dirənişi göstərsəydi, o zaman Ermənistan da işağlçılıq siyasətindən əl çəkərdi. Azərbaycan xalqı müsəlman dövləti olan İrandan bu mövqeyi gözləyirdi. Çox təəssüf ki, biz bu qətiyyəti görə bilmədik”.