ABŞ-ın “Microsoft” texnologiya şirkəti İranın ölkə daxilində və xaricdə kiberhücumları gücləndirdiyini açıqlayıb.
“Microsoft”un ayrı-ayrı qurumları informasiya təhlükəsizliyinə təhdidlər barədə xəbərdarlıq edən xidməti (“Microsoft Threat İntelligence) “İran daha ciddi nəticələr əldə etmək üçün təsirli kiber əməliyyatlara əl atır” adlı yeni hesabat yayıb. Hesabatda deyilir ki, İran kiberhücumlar baxımından dünyada əsas təhlükə mənbələrindən biri olaraq qalır: “Bu ölkə geosiyasi məqsədlərinə çatmaq üçün təsirli kiber əməliyyatlardan istifadə edir, vaxtaşırı bu istiqamətdə yeni ssenarilər qurur”.
Hesabatda İranın 2022-ci ilin iyun ayından kiberhücum səylərini gücləndirdiyi vurğulanır: “2022-ci ildə İran hökuməti kiberməkanda 24 nadir əməliyyat həyata keçirib. Bu əməliyyatların 17-si iyun ayından sonrakı dövrə təsadüf edib. 2021-ci ilin eyni dövründə İran bu sayaq 7 əməliyyat həyata keçirmişdi”.
Hesabatda bildirilir ki, Tehran rejimi kiber əməliyyatların çoxunu İranın “Emennet Pasargad” texnologiya şirkəti vasitəsilə reallaşdırır. Bu şirkət ABŞ-da 2020-ci ilin prezident seçkisinə müdaxilə cəhdində də ittiham olunur. Həmin cəhdinə görə 2021-ci ilin noyabrında ABŞ Maliyyə Nazirliyi “Emennet Pasargad”a qarşı sanksiya tətbiq edib.
2022-ci ilin yanvarında ABŞ Federal Təhqiqatlar Bürosu “Emennet Pasargad”ın kiber hücumlarından qorunmaq üçün bu şirkətin hakerlərinin yararlandığı metodlar barədə internet istifadəçilərinə məlumat və tövsiyələr təqdim edib.
“Microsoft”un hesabatında vurğulanır ki, ola bilsin, metodlar dəyişib, ancaq İranın hədəfləri dəyişməz qalır: “İran kiber əməliyyatları bir qayda olaraq Tehran rejiminə müxalif şəxslərə və qruplara, Fars körfəzi ölkələrinə və İsrailə qarşı yönəldir. 2022-ci ilin oktyabrından 2023-cü ilin martına qədər İranın reallaşdırdığı kiber əməliyyatların 23 faizi İsrail əleyhinə olub. İranın bu səylərindən ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı da ziyan çəkib.
Tehran rejimi həmçinin ölkədə etiraz səsini ucaldan, kütləvi aksiyalara çıxan iranlılara qarşı kiber əməliyyatlara əl atıb. Rejim tanınmış müxalifətçiləri gözdən salmaq üçün onların guya korrupsiyada iştirak etdiyi barədə saxta məlumatlar yayıb”.
“Microsoft” İranın İsrailə və ABŞ-a qarşı kiberhücumlar həyata keçirmək təhlükəsinin sovuşmadığı qənaətindədir.