İran Prezidenti Qoşulmama Hərəkatı üzvlərinə çağırış etdi:

"ABŞ-ın hegemonluğuna qarşı çıxın!"
25 Oktyabr 2019 - 16:30

“İnkişaf etməkdə olan ölkələrin gücünün artması ABŞ-ın hegemonluğuna qarşı bir dirənişdir. ABŞ hərbi gücünü artıraraq dünyanın müxtəlif yerlərində münaqişələri təhrik edir. Yüz minlərlə insanın həyatına son qoyulub, bu ölkələrə milyardlarla dollar zərər dəyişib. Bununla da ekstremizm, terrorizm təşviq edilir. ABŞ-ın təcavüzkarlıq səylərinin uğursuzluğa düçar olmasından baxmayaraq, biz əlimizdən gələni etməliyik ki, ABŞ-ın hegemonluğunun qarşısını alaq”.

APA-nın məlumatına görə, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşünün debat müzakirələrində İran Prezidenti Həsən Ruhani deyib.

H.Ruhani qeyd edib ki, ABŞ-ın siyasəti on minlərlə ABŞ əsgərinin ölümünə, milyardlarla dolların sərf edilməsinə, yeni iş yerlərinin yaradılmasının qarşısının alınmasına, bir çox digər problemə səbəb olub.

İran Prezidenti nəzərə çatdırıb ki, dünya ölkələrində hazırda zorakılıq artır, milli suverenliklər pozulur: “Hərbi münaqişələr, regional qarşıdurmalar da artmaqdadır. Bununla da beynəlxalq hüquq və öhdəliklər pozulur, müxtəlif ölkələrin daxili işlərinə müdaxilə edilir. Bu gün ABŞ siyasi məqsədlərə nail olmaq üçün müxtəlif iqtisadi üsullara əl atır. Çox yekəxana şəkildə həyata keçirilən bu addımlar iqtisadi terrora bərabərdir. Belə olan təqdirdə dünyanın 2/3-ni təşkil edən Qoşulmama Hərəkatının üzvləri qarşıdakı problemlərin həllinə səfərbər ola, beynəlxalq öhdəliklərin həyata keçirilməsini təmin edə və birgə cəbhə kimi çıxış edə bilər”.

H.Ruhani vurğulayıb ki, İran BMT Baş Assambleyasında təkliflərlə çıxış edib, 2015-ci ildə bununla bağlı BMT Baş Assambleyasında qətnamələr qəbul edilib: “Müstəqil dövlətlər arasında əməkdaşlıq olmalıdır ki, maraqları təmin edilsin. Suriya, Yəmən və digər dövlətlərdə münaqişələrin həli yolu digər dövlətlərin daxili işlərinə müdaxilə edilməməsidir. Regional münaqişələrin həlli üçün biz ön cəbhədəyik. Suriyada Türkiyə, Rusiya və İranın Astana sülh formatında iştirakı Suriyanın böyük hissəsində sülhü təmin edib. Bunun nəticəsində qaçqınların böyük əksəriyyəti geri dönə bilib. Bu sahədə İran ön cərgədədir. Keçən həftə BMT-də də təklif irəli sürmüşük ki, Fars körfəzində dostluq və qardaşlıq şəraitində sülh təmin edilsin. Burada da xarici müdaxilələrin qarşısı alınmalıdır. Bölgədə sülh və gəmilərin azad hərəkəti region ölkələrinin səyi ilə təmin edilməlidir. Regional inkişaf yalnız əməkdaşlıq və birgə iştirakla bağlıdır”.

İran Prezidenti qeyd edib ki, ABŞ-ın dünya maliyyə sistemi üzərində hökmranlığı fonunda Vaşinqtonun dollardan öz maraqları üçün istifadə etməsi müşahidə edilir: “Bəzi Qoşulmama Hərəkatı üzləri də beynəlxalq maliyyə vasitələrindən istifadə etmək hüququndan məhrum edilib. Biz neqativ hallara qarşı birgə səylər göstərə bilərik. Bu, ticarət əməkdaşlığımızı məhdudlaşdıran məsələlərdir. Biz xüsusən bank sistemi ilə bağlı alternativ və müxtəlif təşəbbüslər irəli sürə bilərik. Bu istiqamətdə kriptovalyuta ilə bağlı da təşəbbüslər göstərmək mümkündür”.

H.Ruhani kibertəhlükəsizlik və sosial şəbəkələrdən sui-istifadə hallarına da toxunub: “Kibertəhlükəsizlik azadlıq və rifahın əsaslarından biridir. Qoşulmama Hərəkatı kibertəhlükəsizlik sahəsində bir saziş də hazırlaya bilər ki, müstəqil ölkələrə qarşı virtual hücumların qarşısı alınsın. Qoşulmama Hərəkatı böyük coğrafi ərazisi və beynəlxalq səviyyədə ən çox səsi olan üzvlərdən ibarət bir təşkilatdır. Ona görə də biz çoxqütblü dünyada mühüm rol oynaya bilərik. Bunun üçün regionun yeni reallıqlarını yaxşı başa düşməli, yeni üsullardan istifadə etməliyik. İran əlindən gələni edəcək ki, Qoşulmama Hərəkatının fəaliyyəti uğurlu olsun”.