İranda prezidentliyə namizədlərin seçimi başlayır

İran Konstitusiyasının Keşikçiləri Şurası növbədənkənar prezident seçkilərində iştirakına icazə verilən namizədlərin yekun siyahısını formalaşdırmaq üçün seçimlərə başlayır.

Bunu qurumun rəsmi nümayəndəsi Hadi Tahan Nazif İranın dövlət telekanalının efirində deyib.

Onun sözlərinə görə, namizədlərin təsdiqi prosesi qanuna uyğun olaraq beş gün çəkir və sonradan daha beş gün uzadıla bilər. Beləliklə, prezidentliyə namizədlərin yekun siyahısının açıqlanması üçün son tarix iyunun 13-dür.

Nazif xatırladıb ki, ümumilikdə 80 namizəd seçki qərargahında qeydiyyatdan keçib. Lakin onların heç də hamısının adı seçki bülletenində olmayacaq, çünki qeydə alınmış namizədlər hələ Konstitusiyanın Keşikçiləri Şurası tərəfindən təsdiqlənməlidir.

İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb. Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.

Qeyd edək ki, İran tarixində 14-cü prezident seçkiləri Prezident İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olması ilə əlaqədar keçirilir. Qəzada ümumilikdə səkkiz nəfər, o cümlədən xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və bir sıra dövlət rəsmiləri də həyatını itirib.

İran konstitusiyasına görə, prezidentin ölümündən sonra növbəti 50 gün ərzində yeni seçkilər keçirilməlidir.

Əvvəlki məqalə

Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğrayıb

Sonrakı məqalə

COP 29 Azərbaycana enerji təhlükəsizliyində mühüm rol oynamağa imkan verir