Uzun illər boyu alimlər elə hesab edirdilər ki, yuxudan tam dincəlmiş və gümrah oyanmağın yeganə sirri beynin tamamilə “sönməsi” – yəni yavaş dalğalı, sıfır zehni fəaliyyət mərhələsidir. Lakin İtaliyanın Lucca Təkmil Araşdırmalar Məktəbinin nevroloqlarının apardığı son qlobal araşdırmalar bu klassik fikri darmadağın etdi. Məlum oldu ki, bizi real olaraq dincəldən şey tam kəsilmiş beyin dalğaları yox, gecə gördüyümüz parlaq, emosional və qəribə yuxulardır.
“Rəqəmsal qalxan” effekti
Alimlər təcrübə zamanı könüllüləri gecə boyu müxtəlif yuxu mərhələlərində oyadaraq onların beyin fəaliyyətini (EEQ) və daxili hisslərini analiz ediblər. Nəticələr heyrətamizdir: insan nə qədər qəribə, sürreal və “absurd” yuxular görürsə, oyandıqdan sonra özünü bir o qədər dərindən dincəlmiş hiss edir. Hətta insan səhər həmin yuxunun məzmununu xatırlamasa belə, gecə o prosesi yaşamaq bədənə möhtəşəm təsir göstərir.
Nevroloqlar bunu yuxuların “baryer funksiyası” ilə izah edirlər. Gördüyümüz o parlaq və rəngli ssenarilər beynimiz üçün daxili bir rəqəmsal mühit yaradır. Bu mühit bizi xarici aləmdən (otaqdakı səsdən, temperatur dəyişikliyindən, kənar qıcıqlardan) tamamilə təcrid edir. Yuxu bir növ qalxan rolunu oynayır: o nə qədər dərindir və insanı özünə çəkir, beyin xarici stress faktorlarına bir o qədər qapalı olur və bədən hüceyrələri özünü maksimum səviyyədə bərpa edir.
Niyə bəzi insanlar 5 saat yuxu ilə dincəlir?
Bu kəşf tibb aləmində böyük bir tapmacanın da cavabını tapdı. Niyə elə insanlar var ki, 8 saat yatmağına baxmayaraq yorğun oyanır, digərləri isə 5 saatlıq yuxu ilə dağları yerindən oynatmağa hazır olur? Cavab yuxunun keyfiyyətindədir. Əgər yuxularınız yalnız real həyatın, gün ərzində etdiyiniz monoton işlərin rəqəmsal təkrarından (məsələn, yuxuda da hesabat yazmaq, maşın sürmək) ibarətdirsə, beyniniz daxili dünyada “təcrid” ola bilmir və yuxu səthi qalır. Sürreal və emosional yuxular isə beynin yaradıcı mərkəzlərini aktivləşdirərək emosional yükü boşaldır.
Sunay