İrandan Azərbaycana 20 kiloqram narkotik gətirən narkotacirlər ələ keçdi –

DSX açıqlama yaydı
28 İyul 2020 - 09:54

Son müddət ərzində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz döv­riy­­­yəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 24 kiloqram 635 qram narkotik vasitəyə bənzər maddənin və 1050 ədəd psixotrop həbin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

DSX-dən verilən məlumata görə, 21 iyul tarixində, saat 02:43 radələrində “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilmişdir.

Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki 2 ədəd çanta ilə ərazidən uzaqlaşmağa cəhd edərkən saxlanılmışlar.

Saxlanılan şəxslərin Astara rayon sakinləri 1993-cü il təvəllüdlü Quliyev Təbriz Əzizağa oğlu və 1995-ci il təvəllüdlü Nabatzadə Şahin İbrət oğlu olması müəyyənləşdirilmişdir. Sərhəd pozucularının çantalarına baxış zamanı ümumi çəkisi 19 kq 625 narkotik vasitə və 1050 ədəd həb (2 kq “metamfetamin”, 12 kq 625 qr “heroin”, 5kq “tiryək”, 1050 ədəd “Preqabalin” həbi) aşkar olunaraq götürül­müşdür.

22 iyul tarixində, saat 01:10 radələrində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən sərhəd zastavasının yaxınlığında 1 nəfərin özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb etmişdir.

Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən ona “dayan” əmri verilmiş, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılmışdır.

Saxlanılan şəxsin 1982-ci il təvəllüdlü Ağcabədi rayonunun Ağabəyli kənd sakini Mamedov Elvin Vidadi oğlu olması müəyyən olunmuş, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 5 kiloqram 10 qram narkotik vasitə “tiryək”ə bənzər maddə aşkar olunaraq götürülmüşdür.

Hər iki fakt üzrə cinayət işi başlanılmış, saxlanılan vətəndaşlar təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barələrində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.