“İsa Qəmbər, Etibar Məmmədov gedəndən sonra Müsavat və AMİP dağıldı” –SƏRDAR CƏLALOĞLU

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azpost.info-ya müsahibə verib. 

Müsahibəni oxucularımıza təqdim edirik:

-Ölkədəki hazırkı ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?

-İndiki ictimai-siyasi vəziyyət durğun olduğuna görə, durğunluq dövrü deyə bilərik. Son bir neçə ildə yaranmış vəziyyət davam etməkdədir.

-Rəhbəri olduğunuz partiyanın siyasi hədəfləri nələrdir?

-“Siyasi partiyalar haqqında” Qanun nəyə imkan verirsə, partiyamız o imkanlar çərçivəsində fəaliyyət göstərir. ADP-nin hədəfləri parlament seçkilərində iştirak etmək, cəmiyyətin və dövlətin həyatında aktiv iştirakçılıqdır. Yəni xüsusi, qeyri-adi hədəfimiz yoxdur. Çünki müasir siyasi konyukturaya görə Azərbaycanda fantastik hədəflər müəyyən etmək doğru olmazdı.

-Yaxın aylarda parlament seçkiləri gözlənilirmi?

-Parlament seçkiləri payızda keçirilməlidir. Əvvəlki seçkilər növbədənkənar olduğu üçün Milli Məclisə seçkilər bu ilin payızında keçirilməlidir.

-Belə fikirlər var ki, referendum, sonra növbədənkənar seçkilər keçiriləcək…

-Düzdür, belə proqnozlar verilir. Amma açığını deyim ki, növbədənkənar parlament seçkilərinin keçirilməsinin vacibliyinə inanmıram. İndi nə vacibdir ki, növbədənkənar parlament seçkiləri keçirilsin?! Ona görə də yaxın aylarda seçki keçiriləcəyi inandırıcı deyil.

-Müxalifətin iqtidarla dialoqu indi hansı səviyyədədir?

-Biz faktiki olaraq, başladığımız dialoq prosesini davam etdiririk. Çünki indi Qarabağ məsələsi ətrafındakı oyunlar davam etməkdədir. Hələ də ermənilərin Qarabağa qaytarılması, onların hüquqlarının başqa qüvvələr tərəfindən qorunması istiqamətində ideya və təkliflər gündəmdədir. Ermənistan-Azərbaycan arasında sülh sazişi imzalanmadığı üçün biz müharibə vəziyyətindəyik. Bu gün Azərbaycan, bütövlükdə Cənubi Qafqaz supergüclərin daha ciddi siyasi oyunlar oynadığı məkana çevrilib. Belə bir vaxtda xalqımızın və dövlətimizin təhlükəsizliyi prioritet təşkil edir. Təhlükəsizlik vaxib olduğu üçün biz birmənalı şəkildə iqtidarı dəstəkləyirik.

-Digər müxalifət partiyaları ilə əməkdaşlıq haqqında nə düşünürsünüz?

-Başa düşmək lazımdır ki, əvvəlki siyasi partiyalar indi yoxdur. Müxalifət həddən artıq zəifdir. İqtidar özü də siyasi müstəvidə müxalifətlə mübarizə aparmır. Məsələn, Yeni Azərbaycan Partiyası müxalifətlə debatlara çıxa, siyasi diskussiyalar apara – belə hal mövcud deyil. Ona görə müxalifət də inkişaf etmir. Sıfırın üstünə sıfır gəldikdə sıfır edəcək. Bu mənada müxalifət təşkilatlarının əməkdaşlığının elə də əhəmiyyəti yoxdur. O başqa məsələdir ki, ciddi siyasi proses olsa, məsələn, parlament seçkiləri ərəfəsində əməkdaşlıq edilə bilər. Məsələn, partiyalar ən azı bir-birinə mane olmamaq, kimin hansı dairədən namizədinin olması, olmaması barədə danışıqlar, əməkdaşlıq təklifləri ola bilər. Amma bu da çətin olacaq. Çünki hazırda partiyalar arasındakı münasibətlər birmənalı deyil. Məsələn, özünü radikal adlandıran qüvvələr var ki, onlar hakimiyyətlə dialoqda olan partiyalara az qala düşmən münasibəti göstərirlər. Ona görə də müxalifət partiyalarının əməkdaşlığı barədə vəziyyət o qədər də ürəkaçan deyil.

-Dediniz ki, müxalifət zəifdir, bəs müxalifətin güclənməsinin formatı nədir?

-Əslində müxalifətin güclənməsi ölkədəki çoxpartiyalı siyasi sistemin yaradılması ilə əlaqədardır. Elə bir sistem isə yoxdur. Nə Konstitusiyada çoxpartiyalı siyasi sistem təsbit olunur, nə də ölkədəki seçki qanunu və digər proseslər partiyaların inkişafına imkan yaradır. Partiyalar bu gün öz mövcudluqlarını saxlamaq uğrunda mübarizə aparmaqla məşğuldurlar. Proporsional seçki sistemi olsaydı, vətəndaşların partiyaların işində iştirak etməyə marağı olardı. Yaxud da, çoxpartiyalı sistem Konstitusiyada təsbit olunsaydı, hökumət istəməsə belə, çoxpartiyalı sistem yaratmağa məcbur olardı. Amma indi bunlar yoxdur. Azərbaycanda çoxpartiyalılıq formaldır, ona görə də ölkənin ictimai-siyasi həyatında partiyaların ciddi təsiri yoxdur.

Bəzən sosial şəbəkələrdə müzakirələr zamanı uzun illər partiya sədrliyində qalan siyasətçilərə iradlar səsləndirilir ki, niyə sədrlikdən getmir, yerini başqasına buraxmır. Siz də uzun illərdir ADP-nin rəhbəri postundasınız. Sədrlikdən getmək fikriniz varmı?

-Niyə sədrlikdən getmirəm ki… ADP-nin sədrliyi mənim boyuma biçilməyib axı… Mən dəfələrlə sədrlikdən getmişəm. Bir dəfə sədrlikdən getdim, İlyas İsmayılov gəldi, daha sonra getdim Rəsul Quliyev gəldi. Yəni demək istəyirəm ki, bundan əvvəl iki-üç dəfə ADP sədrliyindən getmişəm. Ümumiyyətlə, müəyyən bir gücün formalaşması, proseslərin müsbət inkişafı üçün hər cür fədakarlığa hazıram. Partiyamızın qurultaylarında da dəfələrlə sədrliklə bağlı üzvlərimizə müraciət etmişəm ki, kimsə namizədliyini versin, sədrliyi üzərinə götürsün. Sadəcə indi elə bir mürəkkəb vəziyyətdir ki, partiya sədri olmağın özü əlavə yükdür, çətindir. Təcrübəsi olmayan, kifayət qədər ictimai-siyasi savadı olmayan şəxsin sədr olması o partiyaya xeyir verməz.

-Bəs iradları necə, qəbul edirsiniz?

-Hansı iradları?

-Uzun müddət partiya sədrliyindən getməyənlərə qarçı iradları…

-Mən bu iradları qəbul etmirəm. Düşünürəm ki, bu iradlar məqsədli şəkildə ortaya atılmış fikirlərdir. Bundan qabaq sədrlikdən gedən siyasətçilər olub. Məsələn, İsa Qəmbərin getməsi ilə Müsavat Partiyası demək olar ki, parçalandı, dağıldı, Etibar Məmmədovun getməsi ilə Azərbaycan Milli İstiqlal Partiyası dağıldı, Lalə Şövkətin getməsi ilə isə Azərbaycan Liberal Partiyası ümumiyyətlə, siyasi səhnədən silindi. Demək istəyirəm ki, liderlərin sədrlikdən getməsinin acı nəticələri gözümüzün qabağında ola-ola bu ideyanı gündəmə gətirmək, irad bildirmək nə deməkdir?! O deməkdir ki, yerdə qalan iki-üç partiya var ki, onlar da dağılsın, məhv olsun, sıradan çıxsın. Əgər liderlərin rəhbərlikdən getməsi inkişafa səbəb olsaydı, təşkilatın güclənməsinə səbəb olmuş olsaydı, o zaman iradlarda haqlı ola bilərdilər. Amma ortalıqda çox pis təcrübə var ki, bir neçə partiyanın lideri sədrlikdən gedəndən sonra həmin partiya dağılıb, zəifləyib, siyasi səhnədən yox olub. Əgər belədirsə, niyə lider sədrlikdən getməlidir ki?! Getsin, partiya da sıradan çıxsın?!

-Müsahibənin əvvəlində Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmadığını, təhlükənin qaldığını dediniz. Hazırda gedən sülh prosesini necə qiymətləndirmək olar?

-İki ölkə arasında sülh sazişinin yaxın vaxtlarda imzalanmasını gözləmək olmaz. Çünki Ermənistanın Rusiyadan uzaqlaşma siyasəti Moskvanın sülh müqaviləsini imzalamağa imkan verməyəcəyini göstərir. Qərbin isə hazırda Cənubi Qafqazda elə bir güclü təsiri yoxdur ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini imzalada bilsin. Məncə, neçə ki, Rusiya ilə Qərb arasında qarşıdurma var, Bakı və İrəvan arasında sülh sazişini tezliklə və asan şəkildə imzalamaq mümkün olmayacaq.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində iki günlük danışıqları keçirildi. Berlindəki görüşü sülh prosesinin Qərb platformasında bərpası kimi qiymətləndirmək olarmı?

-Əlbəttə, demək olar ki, Qərb platformasında danışıqların bərpası demək mümkündür. Almaniya danışıqlar məkanı kimi alternativdir. Sadəcə Avropada Fransanın təsirləri güclüdür. Azərbaycan Prezidenti də Fransanın Azərbaycana qarşı düşmənçilik siyasəti səbəbindən Parisin olduğu heç bir müzakirələrdə iştirak etmək istəmir. Almaniya masasında isə Fransa yoxdur. Bu baxımdan, Azərbaycan həm Avropa Birliyi ilə sülh sazişi məsələsində əməkdaşlığı davam etdirir, həm də Fransanın təsirlərinin neytrallaşdırılmasına nail olur. Berlin Brüsselə alternativ kimi seçilib. Yerdə qalır Vaşinqton platforması, bunu da hesab edirəm ki, aktivləşdirmək lazımdır. Bu danışıqların müsbət nəticələri, yaxın vaxtlarda sülh sazişinin imzalanmasına gətirib çıxaracağı inandırıcı deyil. Çünki dediyim kimi, Rusiya ilə Qərb arasında Cənubi Qafqaz məsələsində ortaq yanaşma yoxdur.

Danışıqların Qərb platformasında bərpasına Rusiyanın reaksiyası necə olacaq?

-Moskvada başa düşürlər ki, bu görüşlərin, danışıqların hamısı formal xarakterlidir. Ona görə də Rusiya bu məsələdən ciddi narahat deyil. Bizim üçün də bunun heç bir ciddi narahatlığı yoxdur.

Anar ABDULLA

Azpost.info

 

Əvvəlki məqalə

Borca görə axtarışda olan 105 nəfər saxlanılıb

Sonrakı məqalə

Ali və orta ixtisas məktəblərinə sənəd qəbulu başlanıb