“İşğaldan azad olunmuş torpaqlarda Azərbaycan mədəni irsini məhv edənlər məsuliyyətə cəlb olunmalıdır”.
Bunu ADA Universitetində keçirilən mətbuat konfransında İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik deyib.
“Biz bu il üzv ölkəmiz olan Azərbaycanın qələbəsini qeyd edirik. Təşkilatımıza üzv hər bir ölkə bizim üçün vacibdir. Azərbaycan dost və qonaqpərvər ölkədir. Azərbaycana yalnız dəstək və onun qələbəsini qeyd etmək üçün deyil, həm də Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında olanları görmək üçün səfər etmişəm. Hər zaman deyilir ki, görmək inanmaqdır. Biz səfərimiz zamanı əsrlərlə mövcud olan Azərbaycan mədəni irsinin məhv edildiyini gördük. Bunu edənlər məsuliyyətə cəlb olunmalıdır. Törədilənlər insanlığa qarşı cinayətdir. Biz Füzuliyə səfər etdik, burada kitabxanalar, məktəblər, nəşriyyat evi, qəbiristanlıqlar, hətta yollar belə dağıdılıb. Ağdama səfərimizdə biz yalnız məhv edilmiş binaların divarlarının qalıqlarına şahid olduq. Məscid, teatr binasına getdik. Bu abidələrin yalnız divarları qalıb. Bütün bunları törədənlər əməllərinə görə cavab verməlidir”, – deyə ICESCO-nun baş direktoru qeyd edib.