Ədalətli mühakimə üçün qurulan “yol xəritəsi”

 Ölkədə ədalətli mühakimənin təmin edilməsi üçün cəmiyyətdə yüksək nüfuza malik ədalət məhkəməsinin formalaşdırılması vacib məsələdir.

Şəffaflığın artırılması, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi, süründürməçiliyin, mənfi halların aradan qaldırılması bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir.

Son illərdə Azərbaycanın məhkəmə-hüquq sistemində aparılan islahatlar yeni mərhələyə keçməklə dəyişiklilərin “yol xəritəsi”ni ortaya qoyub, kadr və strukturlarda zəruri yeniliklər yaradıb.

Prezident İlham Əliyev 2017-ci il fevralında imzaladığı  Sərəncamla cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yeni strategiyanı elan etdi. Bu sərəncam nəticəsində 5 minə yaxın məhkum cəzadan tamamilə azad olundu, cəzası yüngülləşdirildi.

Dövlət Başçısının 2019-cu il 3 aprel tarixli Fərmanı isə  məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir.

Fərmanın əsas məqsədi müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək, onun keyfiyyətini və səmərəliliyini yüksəltmək, bütövlükdə məhkəmə hakimiyyətinə ictimai etimadı, əlçatanlığı və fəaliyyətində şəffaflığı artırmaq idi.

Fərman  ədliyyə və məhkəmə sisteminin gələcək inkişafının strateji prioritetlərini müəyyən edən mühüm sənəddir. Burada məhkəmə fəaliyyətinə müdaxilələrin qarşısının alınması, müraciət imkanlarının daha da genişləndirilməsi və s. problemlərin həlli qarşıya əsas vəzifə kimi qoyulub.

Əsas hədəfi cəmiyyətdə məhkəmələrə inamın daha da yüksəlməsi, hüququn aliliyinin təmin olunması olan bu Fərman məhkəmə-hüquq islahatlarının uğurlu davamı kimi qiymətləndirilir.

13 bənddən ibarət sənədin diqqətçəkən məqamlarından biri də kiçik və orta sahibkarlığın dəstəklənməsi, iqtisadi sahələrdə ədalət mühakiməsinin səmərəliliyini artırmaqdır. Bu eyni zamanda iqtisadi mübahisələri həll edə biləcək hakim korpusunun keyfiyyətinin artırılmasına, təkmil məhkəmə sisteminin formalaşmasına, peşəkarlığın yüksəlməsi üçün böyük imkanlar yaradır.

İnzibati-iqtisadi məhkəmələr əvəzinə ayrıca inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin yaradılması, məhkəmə-hüquq islahatlarının indiki mərhələsində ixtisaslaşmanın dərinləşdirilməsi üçün optimal üsul hesab oluna bilər.

Fərmanda sahibkarların bütün dövlət qurumları, inzibati orqanlarla mübahisələrinə bu sahədə ixtisaslaşmış vahid bir məhkəmə instansiyasında baxılmasının təmin edilməsi əksini tapıb. Kommersiya məhkəmələrinin yaradılması ölkədə biznes mühitinin inkişafına önəmli töhfə verəcək.

Ölkədə aparılan məhkəmə-hüquq islahatları vətəndaşların hüquqlarının məhkəmələrdə daha etibarlı müdafiəsini təmin edilməsinə hədəflənib. Aparılan islahatlar ümumilikdə hüquq sisteminin inkişafına mühüm təsir göstərir, eyni zamanda məhkəmələrə etimadı möhkəmlədir.

Qeyd edək ki, ədalətli mühakimə hakimlərin fəaliyyətindən çox asılıdır. İslahatların əsas məqsədlərindən biri məhkəmə hakimiyyətinin müstəqilliyini tam təmin etməkdir. Bu baxımdan məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və etimadın möhkəmləndirilməsi üçün hakimlərin fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlığın təmin edilməsi zəruri şərt sayılır.

Məhkəmə fəaliyyətinə kənar müdaxilələr və digər təzyiq faktlarının olmaması üçün Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, icra intizamının möhkəmləndirilməsi, qanun pozuntusu, süründürməçilik və digər mənfi halların aradan qaldırılması üzrə ardıcıl tədbirlər görülür.

“Mediasiya haqqında” Qanun və bu istiqamətdə işlərin başlanması mühüm yenliklərdəndir. Mülki xarakterli mübahisələrin məhkəmədən kənar həllini nəzərdə tutan bu qanun ölkədə yeni hüquqi ənənənin təməlini qoyub.

Ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, işlərə daha operativ baxılmasında “Elektron məhkəmə” informasiya sisteminin fəaliyyətini xüsusi qeyd etmək olar. İnsanlar artıq məhkəməyə gəlmədən, elektron formada müraciət etmək imkanı əldə ediblər. Hər bir kəs “şəxsi elektron kabinet”ə sahib olmaqla məhkəməyə sənədləri elektron formatda ötürə, məhkəmə işinin materialları ilə ətraflı tanış ola, proseslər barədə məhkəməyə gəlmədən xəbər tuta bilərlər.

Bu sistem hakimlərin də işinin asan və səmərəli təşkilinə öz real müsbət təsirini göstərir.

Prezident yanında Əfv Komissiyasının üzvü, “Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin fikrincə, ədalətli məhkəmə məsələsini hələ ki, cəmiyyət tam mənimsəməyib. Yəni, bu gün Azərbaycan cəmiyyətində məhkəmələrin azad olmaması fikri dominantlıq təşkil edir. Odur ki, islahatların dərinləşdirilməsi müəyyən zaman tələb edir. Müəyyən streotiplər var ki, onlar dağıdılmalıdır.

Aparılan işlərə toxunan ekspertin sözlərinə görə, məhkəmə-hüquq sahəsində həyata keçiriləcək islahatlarda əsas istiqamətlərdən biri cəza siyasətinin humanistləşdirilməsi idi. Bu, artıq müəyyən mənada baş verib: “Bundan başqa, qanunvericilik aktlarının təkmilləşdirilməsi, xüsusilə, Mülki Prossesual Məcəllə ilə bağlı xüsusi qrupun yaradırlması nəzərdə tutulmuşdu. Artıq bu proses gedir. İstər mülki, istərsə də inzibati prosessual məcəllədə və digər qanunvericilik aktlarında dəyişiklər edilib”.

Onun sözlərinə görə, məhkəmə instansiyalarının səlahiyyətlərinin dəqiqləşdirilməsi də prioritet məsələlərdən biri idi və bu da artıq baş verib.

“Ən mühüm məsələlərdən biri budur ki, artıq Azərbaycanda kommersiya məhkəmələri fəaliyyət göstərir. Məhkəmələrdə şəffaflıq hesabatının artırılması Fərmanda əsas istiqamətlərdən biri hesab olunurdu. Bu yöndə də işlər gedir”.

Ə.Nuriyevin fikrincə, islahatların əsas məqsədlərindən biri hakimlərin maddi-sosial müdafəsinin yaxşılaşdırılmasıdır.

“Sosial müdafiə məsələləri yetərli səviyyəyə çatmayıb. Burada mən xüsusi olaraq məhkəmə aparat işçilərinin maddi-sosial təminatına diqqət çəkmək istəyirəm. Hesab edirəm ki, onların maaşı çox aşağıdır. Bu vəziyyət peşəkar axınının baş verməsinə gətirib çıxarır. Aşağı əmək haqqı alan məhkəmə aparatında çalışan şəxslər şübhəsiz ki, uzun müddət orada qalmırlar. Bu da əlbəttə ki, hazırlanan qərarların, bütövlükdə prosesin kefyfiyətinə mənfi təsir göstərir”.

Ə.Nuriyev deyir ki, hakimlər müstəqildir və onların qərarların qəbulunda da sərbəst olmalıdırlar: “Hakimlərə bu imkanı daha geniş şəkildə vermək, ümumiyyətlə, bu davranışı yaratmaq vacib məsələdir. Amma hələ ki, biz bunun şahidi ola bilməmişik.

Hakimlərin seçkisi şəffafdır. Biz prosesdə iştirak edirik və bunu görürük. Test imtahanı,  təlimlərin keçirilməsi və s. bu da əlbəttə hakimlərin peşəkarlığına müsbət təsir göstərir. Amma hələ ki, məhkəmə hakimiyyəti ilə bağlı narazılıqlar və narahatlıqlar qalmaqdadır.  İslahatları o zaman tam hesab etmək olar ki, vətəndaş bunu öz üzərində hiss etsin. Vətəndaşda qənaət yaransın ki, qəbul edilən qərarlar ədalətlidir. Doğrudur, ayrı-ayrı nümunələr var, amma bu, kiayət deyil”.

Prezidentin siyasi iradəsi ilə aparılan məhkəmə islahatlarının əsas mesajı ölkədə effektiv ədalətli mühakimə strukturunun yaradılmasıdır. Bu baxımdan gedən proses məhkəmə sisteminin daha səmərəli fəaliyyətinin təmin edilməsində mühüm rol oynayacaq.

X.SƏFƏRLİ

 Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusunda hazırlanıb.

 

 

 

Əvvəlki məqalə

Kanada Rusiyanın müsadirə olunmuş aktivlərini Ukraynaya verəcək

Sonrakı məqalə

“Rusiya bizi qazla şantaj edir, cavabımızı hazırlayırıq” –