İsrail hökuməti qondarma “erməni soyqırımı”nı rəsmən tanıyacağını açıqlayıb. Əgər buqərar hökumət, daha sonra da parlament səviyyəsində rəsmiləşərsə, bu, Yaxın Şərq və Cənubi Qafqaz geosiyasətində son illərin ən mühüm diplomatik dəyişikliklərindən biri ola bilər. Hazırda İsrail hökuməti belə bir qərarı təsdiqləyib və onun Knessetdə səsverməyə çıxarılması planlaşdırılır.
Bu qərar Azərbaycan -İsrail münasibətlərinə hansı təsiri göstərə bilər?
Bu addım üç istiqamətdə qiymətləndirilə bilər.
İlk olaraq deyə bilərik ki, bu qərarın əsas hədəfi Azərbaycan deyil, Türkiyədir. İsrail onilliklər ərzində “erməni soyqırımı”nı rəsmi şəkildə tanımırdı. Bunun əsas səbəbləri Türkiyə və Azərbaycanla münasibətlər idi. Lakin son iki ildə Ankara ilə Təl-Əviv arasında münasibətlər kəskin pisləşib. Qəzza müharibəsi, Suriyadakı rəqabət və qarşılıqlı ittihamlar fonunda İsrailin bu addımı daha çox Türkiyəyə siyasi mesaj kimi görünür. Yəni qərarın mərkəzində Bakıdan daha çox Ankara dayanır.
Bu qərarın Azərbaycan–İsrail münasibətlərinə təsiri məhdud ola bilər. İlk baxışdan Azərbaycanda bu qərarın narazılıq doğuracağı gözləniləndir. Lakin strateji baxımdan iki ölkəni bir-birinə bağlayan amillər kifayət qədər güclüdür. Bunlara enerji əməkdaşlığı, müdafiə sənayesi və hərbi-texniki əməkdaşlıq, İran amili, yüksək texnologiyalar v kənd təsərrüfatı və su texnologiyaları daxildir. Bu səbəbdən hər iki dövlətin münasibətləri ciddi böhrana aparacağı gözlənilmir. Daha real ssenari odur ki, Azərbaycan diplomatik narahatlığını ifadə edəcək, lakin strateji əməkdaşlıq davam edəcək.
Ermənistan isə bundan siyasi dividend qazanmağa çalışacaq. İrəvan bu qərarı diplomatik uğur kimi təqdim edəcək. Bununla yanaşı, Ermənistan–İsrail münasibətlərinin dərhal strateji tərəfdaşlığa çevriləcəyini gözləmək də doğru olmaz. Çünki İsrail üçün Cənubi Qafqazda Azərbaycanın geostrateji əhəmiyyəti, enerji marşrutları və İranla bağlı təhlükəsizlik məsələləri hələ də prioritet olaraq qalır.
Bu qərar emosional baxımdan Azərbaycan ictimaiyyətində rezonans doğura bilər. Ancaq dövlətlərarası münasibətlər emosiyalarla deyil, milli maraqlarla idarə olunur. Azərbaycan və İsrail arasında son illərdə formalaşmış strateji tərəfdaşlığın əsasını təhlükəsizlik, enerji və regional geosiyasət təşkil edir. Bir tarixi-siyasi qərarın bu əməkdaşlığı tam dəyişdirəcəyini gözləmirəm. Bununla belə, münasibətlərdə müəyyən siyasi soyuqluq və qarşılıqlı izahat mərhələsi yarana bilər.

Türkiyə-İsrail əlaqələrini nə gözləyir?
Əgər İsrail qondarma “erməni soyqırımı”nı rəsmi şəkildə tanıyarsa və bu qərar hüquqi-siyasi status alarsa, bunun İsrail–Türkiyə münasibətlərinə təsiri Azərbaycan–İsrail münasibətlərindən daha güclü ola bilər.
İlk növbədə Türkiyə bunu birbaşa siyasi təzyiq kimi qəbul edəcək. Ankara uzun illərdir ki, 1915-ci il hadisələrinin “soyqırımı” kimi tanınmasına qarşı çıxır və bunu həm tarixi, həm də hüquqi baxımdan mübahisəli hesab edir. Buna görə də İsrailin belə addımı Türkiyə tərəfindən təkcə tarixi mövqe deyil, həm də siyasi təzyiq aləti kimi qiymətləndirilə bilər.
Xüsusilə son illərdə Qəzza müharibəsi, İsrailin hərbi əməliyyatları, Türkiyənin Fələstinə açıq dəstəyi, Suriyada geosiyasi rəqabət iki ölkə arasında gərginliyi onsuz da artırıb. Bu qərar həmin gərginliyi daha da dərinləşdirə bilər. Türkiyə və İsrail arasında onsuz da xeyli pisləşmiş diplomatik münasibətlər daha da soyuya bilər. Nəticədə qarşılıqlı sərt bəyanatlar, səfirlərin məsləhətləşmələr üçün geri çağırılması və ya diplomatik təmasların məhdudlaşdırılması şahidi ola bilərik.
Bununla belə, münasibətlərin tam kəsilməsi ehtimalı aşağı görünür. Hər iki ölkənin iqtisadi və regional maraqları müəyyən səviyyədə əlaqələrin saxlanmasını zəruri edir.
Siyasi münasibətlər pisləşsə də, tarix göstərir ki, Türkiyə ilə İsrail arasında ticarət müəyyən dövrlərdə davam edib. Özəl sektor və logistika marşrutları çox vaxt siyasi böhranlardan tam asılı olmur. Bu səbəbdən siyasi gərginlik avtomatik olaraq iqtisadi əlaqələrin tam dayanacağı anlamına gəlmir.
Bu qərarın regional təhlükəsizlik üçün də problem yaradacağı istisna edilmir. İranın regional siyasəti, Suriyadakı vəziyyət, Şərqi Aralıq dənizində enerji marşrutları və terror təhlükələri kimi məsələlər gələcəkdə Ankara ilə Təl-Əvivi yenidən dialoqa məcbur edə bilər. Buna görə də hazırkı gərginliyin uzunmüddətli strateji qarşıdurmaya çevriləcəyi əvvəlcədən qəti şəkildə deyilə bilməz.
Əgər İsrail bu qərarı rəsmiləşdirsə qısamüddətli dövrdə Türkiyə–İsrail münasibətlərində ciddi siyasi böhran yarana bilər. Orta müddətdə diplomatik kanalların zəifləməsi mümkündür. Uzunmüddətli perspektivdə isə təhlükəsizlik, iqtisadiyyat və ABŞ amili səbəbindən tərəflərin müəyyən səviyyədə əməkdaşlığı bərpa etməyə çalışması ehtimalı yüksəkdir.
Başqa sözlə, bu addım simvolik baxımdan çox ciddi əhəmiyyət daşıyır, lakin onun iki ölkə arasında bütün strateji əlaqələri tamamilə dayandıracağını indidən söyləmək üçün əsas yoxdur. Dövlətlər çox vaxt prinsipial siyasi mövqelərlə yanaşı, təhlükəsizlik və iqtisadi maraqları da nəzərə alaraq qərarlar qəbul edirlər.
“Analitik” Təhlil Mərkəzi