İsrailin “Hizbullah”a qarşı “Peycer əməliyyatı”nın detalları –Plan necə hazırlanıb?

İsrailin “Hizbullah”a qarşı keçirdiyi “Peycer əməliyyatı”nın təfərrüatları məlum olub.

Azpost.info bildirir ki,  “The Washington Post” qəzetinin yazdığına görə, Mossad “Troya atı” ideyasını Hizbullahın təhlükəsiz mesajlaşma cihazları axtardığı məlum olduqdan sonra ortaya atıb. Bundan sonra İsrail kəşfiyyatı Hizbullahı Tayvanın “Apollo” peycerlərinin İsraildə yığılmış yeni dəstlərini almağa inandıran bir sxem hazırlayıb.

Qəzet yazır ki, Hizbullaha cihazları təklif edən şirkətin satış nümayəndəsi Mossad əməliyyatından xəbərsiz olub. Hizbullah peycerləri almazdan əvvəl cihazları diqqətlə yoxlasa da, akkumulyatorda heç bir partlayıcı maddə aşkar olunmayıb. Onlar həmçinin Mossad-ın cihazlara uzaqdan çıxışı olduğunu da bilməyiblər.

Nəşrin yazdığına görə, peycerlərdə şifrələnmiş mesajı oxumaq üçün iki əllə iki düyməni basmaq tələb olunurdu. İsrail rəsmilərindən biri nəşrə bildirib ki, bu, partlayış zamanı silahlıların demək olar ki, hər iki qolunun sıradan çıxması üçün edilib.

Sentyabrın 12-də Netanyahu Hizbullaha qarşı əməliyyatları müzakirə etmək üçün kəşfiyyat rəhbərlərini toplayana qədər yüksək vəzifəli İsrail rəsmilərinin əksəriyyəti Mossad əməliyyatından xəbərsiz olub.

İclasda peycerlərin partladılmasının İran da daxil olmaqla Hizbullahın müttəfiqlərinin ciddi reaksiyasına səbəb ola biləcəyi ilə bağlı müzakirələr başlayıb. Eyni zamanda, Mossad Livandakı gərginliyə görə peycerlərdə partlayıcı maddələrin aşkar oluna biləcəyindən ehtiyat edirdi.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, sentyabrın 17 və 18-də baş verən partlayışlar nəticəsində uşaqlar da daxil olmaqla azı 37 nəfər ölüb, 3 minə yaxın insan yaralanıb. Lakin İsrail partlayışlarda hər hansı əli olduğunu inkar edir. Peycer hücumundan sonra İsrail Müdafiə Qüvvələri Livandakı Hizbullah hədəflərinə hava zərbələri endirib. Ən böyüyü sentyabrın 27-də Hizbullah lideri Həsən Nəsrullahın Beyrutun mərkəzində hücum nəticəsində öldürüldüyü zaman baş verib. Buna cavab olaraq İran oktyabrın 1-i axşam saatlarında İsrailə geniş raket zərbəsi endirib.

Azpost.info

Əvvəlki məqalə

9 ayda 25 min nəfərə onlyan qaydada pensiya təyin olunub

Sonrakı məqalə

Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir