“İsrailin hərbi qurğularının yerini göstərin, gedək birgə baxaq” –

MTN başçısı Namiq Abbasov Ruhanini necə pərt edib?
08 Oktyabr 2021 - 17:46

Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov son vaxtlar İran KİV-lərində Azərbaycan dövlətinin ünvanına müxtəlif böhtanlar, heç bir əsası olmayan uydurma fikirlərin yer almasından narahat olduğunu deyib.

Azpost.info bildirir ki, sabiq səfir bununla bağlı modern.az-a danışıb. “Təəssüf ki, bu cür əsassız bəyanatlar  İranın dövlət rəsmiləri, millət vəkilləri tərəfindən səslənib. Sözsüz ki, bunların heç birinin əsası yoxdur. Həqiqətdən çox uzaq fikirlər söylənilir” -deyən Abbasəli Həsənov İranın ölkəmizə qarşı ittihamlarına cavab olaraq məsələ ilə  bağlı yaxın keçmişdən bir maraqlı faktı açıqlayıb. 

“Bu Birincisi, 2001-ci ilə aiddir. Həmin ilin iyun ayında İranın eks-prezidenti Həsən Ruhani o dövrdə ölkənin Təhlükəsizlik Şurasının katibi kimi Azərbaycana rəsmi səfərə gəlmişdi. Səfər zamanı Ruhani və başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın o vaxtkı milli təhlükəsizlik naziri Namiq Abbasovla görüşmüşdü.  Onda da Ruhani belə bir iddia səsləndirmişdi: “İranla Azərbaycan dost və qardaş ölkələrdir. Biz müsəlmanıq, şiəyik. Amma Azərbaycan öz ərazisində İsrailə imkan verib ki, İranın sərhədlərinə yaxın bölgələrdə hərbi qurğular quraşdırsın. İsrail o qurğular vasitəsilə  İranın ərazisinə nəzarət edir”.

Guya Azərbaycanda İranın təhlükəsizliyinə xələl gətirə biləcək fəaliyyət göstərilib. Ruhani bu məsələ ətrafında 15 dəqiqə çıxış etdi. Namiq Abbasov ona axıra qədər qulaq asdı və çox lakonik, qısa cavab verdi: “Təhlükəsizlik Şurasının katibi kimi dediyiniz  fikirlərlə bağlı sizin əlinizdə fakt olmalıdır. Siz fakta əsaslanmalısınız. Əgər dediyiniz düzdürsə, siz o qurğuların yerini də bilməlisiniz. Siz xəritəyə barmağınızı qoyun və o qurğuların harada olduğunu göstərin. Mən maşın təşkil edim və elə indi burdan durub  birbaşa dediyiniz yerə gedin və baxın”. Sözsüz ki, Həsən Ruhani Namiq Abbasova cavab verə bilmədi. Çünki iddialarının arxasında fakt olmalı idi. Sonra 2-3 nəfər bir-birinin üzünə baxdı, amma heç nə deyə bilmədilər. Məlum oldu ki, söylədikləri uydurmadır”.