“İstehlak kreditləri xaricdən idxala xidmət edir” –

Elman Rüstəmov 
28 Aprel 2020 - 20:52

“İstehlak kreditləri xaricdən Azərbaycana idxala xidmət edir və biz ölkədəki kreditləşmə sistemini dəyişməliyik”.

Bu barədə AMB-nin sədri Elman Rüstəmov AzTV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkə rəhbərliyinin hökumət qarşısında qoyduğu əsas tapşırıqlardan biri real sektorun inkişaf etdirilməsidir: «Biz real sektoru gücləndirməliyik, imkanları da daha çox real sektorun ehtiyaclarına yönəltməliyik, bu sahədə güclü iş gedir».

AMB sədri işarə edib ki, istehlak kreditləri zərərlidir və hökumət bu kreditlərə münasibətini dəyişəcək: «İstehlak kreditləri isə əhəmiyyətli dərəcədə xarici sektora, xaricdən idxala xidmət edir, maşın kreditləri, uzunmüddətli əşyalar və sair. Təbii ki, əhalinin buna ehtiyac var, amma biz elə kreditləşmə sisteminə keçməliyik ki, tələb yox, təklif yaradaq. Yəni işgüzar adamların mikrokreditlərə və biznes kreditlərinə çıxış imkanları yaradılsın».

Qeyd edək ki, AMB sədri detallara keçməsə də, açıqlamadan aydın olur ki, istehlak kreditləri ilə bağlı tələblər sərtləşdiriləcək ki, (1) ölkəyə xaricdən idxal tənziimlənsin, (2) banklar həmin pulları daha çox real sektora, yəni istehsal sahələrinə kredit ayırmaq üçün istifadə etsinlər. (Fed.az)