Kanada Navalnının ölümünə görə Rusiyanın 13 məmuruna sanksiya tətbiq edib

Kanada 13 yüksək rütbəli rus məmuru, müstəntiq, həbsxana xidməti və polis zabitinə qarşı sanksiya tətbiq edib.

Azpost.info bildirir ki, bu barədə Kanada hökumətinin saytında məlumat yayımlanıb. Məlumatda sanskiya tətbiq olunan şəxslərin siyasətçi Aleksey Navalnının ölümündə əli olduğu qeyd edilib.

“Söhbət 2020-ci ildə “Noviçok” tipli sinir agenti ilə zəhərlənmə, 2021-ci ildə hava limanında saxlanma, islah koloniyasında həbs, Navalnının hüquqlarına hörmət edilməməsi, ölümünün səbəbinin araşdırılmaması və cəsədinin təhvil verilməsinin uzun müddət gecikdirilməsindən gedir”- deyə sanksiyaların izahında vurğulanır.

Məlumatda barələrində yeni məhdudiyyətlərin tətbiq olunduğu şəxslərin konkret adları göstərilmir.

Kanada Xarici İşlər Nazirliyinin xüsusi tədbirlər haqqında əsasnaməsinə ümumilikdə 111 Rusiya vətəndaşı daxildir. Son 13 ad arasında Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko, Yamal-Nenets Muxtar Dairəsi üzrə FSIN şöbəsinin rəhbəri İqor Rakitin, hakimlər Kirill Nikiforov, Yekaterina Doroxina, Yekaterina Paxomova, prokurorlar Boris Loktionov, Marina Bobek, Yekaterina Frolova, müstəntiq Aleksandr Varapaev, FSIN direktorunun müavini Aleksandr Matveyenko, Federal Penitensiar Xidmətin keçmiş direktor müavini Aleksey Giriçev, Federal Penitensiar Xidmətin nümayəndəsi Kristina Panşina və Yamalo-Nenets Muxtar Dairəsində İK-3-ün rəhbəri Vadim Kalinin daxidir.

Əvvəlki məqalə

Küləkli hava ilə bağlı rayonlarda sarı və narıncı xəbərdarlıq edilib

Sonrakı məqalə

Bakıda iqlim dəyişikliyi barədə panel müzakirəsi keçirilib