Karantin uzadıldı, sərhəd bağlı qaldı –Azərbaycan yay turizmi nə itirir, nə qazanır?

Nazirlər Kabinetinin xüsusi karantin rejimini və quru sərhədlərinin bağlı qalma müddətini 2026-cı il oktyabrın 1-nə qədər uzatması, ölkə iqtisadiyyatının ən dinamik sahələrindən olan turizm sektorunu yenidən diqqət mərkəzinə gətirib.

Artıq 6 ildir davam edən bu qərarın ölkə daxili və xarici turizminə təsirləri necədir? Rəsmi statistika və ekspert rəyləri nə deyir?

Azpost.info məsələnin iqtisadi və sosial tərəflərini araşdırıb.

Rəsmi dövlət statistikasına və iqtisadi analizlərə nəzər saldıqda görünür ki, quru sərhədlərinin qapalı olması xarici turist axınına birbaşa təsir göstərir. Hazırda Azərbaycana gələn xarici vətəndaşların sayı hələ də pandemiyadan əvvəlki – 2019-cu ildəki 3.2 milyonluq tarixi rekord səviyyəyə tam çata bilməyib.

Hətta regional müqayisədə qonşu ölkələrlə fərq aydın görünür. Gürcüstan və Ermənistanda sərhədlər tam açıq olduğu üçün pandemiyadan sonrakı dövrdə hər iki ölkə turist qəbulunda rekord vurur, artım templəri bəzi rüblərdə %10-%18-i ötür.

Azərbaycana daxil olmaq üçün yeganə yolun hava nəqliyyatı olması, xüsusilə yaxın regionlardan (Gürcüstan, Rusiya, İran və Türkiyənin şərq vilayətləri) gələn “büdcəli turist” (low-budget) kütləsini tamamilə prosesdən kənarlaşdırıb.

Sərhədlərin bağlı olması daxili turizmi artırır?

Quru yollarının qapalı olması aviabiletlərə olan tələbatı süni şəkildə artırır. 4 nəfərlik bir ailənin qonşu ölkələrdən Azərbaycana gəlməsi və ya yerli vətəndaşların xaricə getməsi üçün tələb olunan büdcə yalnız təyyarə biletləri ucbatından 3-4 dəfə yüksəlir. Bu, Azərbaycanı regional turizm xəritəsində “baha və çətin əlçatan” bir məkana çevirir.

Quru sərhədləri açıq olduğu dövrdə Gürcüstan və Rusiyadan gələn turistlər xüsusilə Qərb (Gəncə, Qazax, Şəmkir) və Şimal (Quba, Qusar, Xaçmaz) zonalarında daxili ticarəti və kiçik sahibkarlığı (hostellər, restoranlar, regional bələdçilər) canlandırırdı. İndi isə Bakıya gələn zəngin ərəb və ya asiyalı turistlərin böyük hissəsi paytaxt və ətrafındakı 5 ulduzlu otellərə üstünlük verir, bu da regional turizmin inkişafını ləngidir.

Rəsmi şəxslər tərəfindən tez-tez səsləndirilən tezislərdən biri də budur ki, quru sərhədləri bağlı olanda yerli əhali xaricə gedə bilmir və pulunu ölkə daxilində xərcləyir. Lakin Dövlət Statistika Komitəsinin hesabatları göstərir ki, daxili turizm səfərlərinin sayı hələ də 2019-cu ildəki (7.4 milyon səfər) səviyyədən aşağıdır. Bunun əsas səbəbi ölkə daxilindəki otel və istirahət mərkəzlərində qiymətlərin yerli əhalinin alıcılıq qabiliyyətinə nisbətən çox baha olmasıdır. Yerli sakin üçün yay tətilini Qəbələ və ya Nabran otellərində keçirmək, bir çox hallarda xarici ölkə turlarından baha başa gəlir.

Bəs bu qərarın müsbət iqtisadi və ya strateji tərəfi varmı?

Hər bir qərarın olduğu kimi, quru sərhədlərinin qapalı saxlanılmasının da dövlət tərəfindən əsaslandırılan və müəyyən dividendlər gətirən tərəfləri var. İlk növbədə kapital axınının qismən qarşısının alınmasıdır. Azərbaycan vətəndaşlarının avtomobillərlə Gürcüstan, Türkiyə və ya Rusiyaya gedərək milyonlarla vəsaiti kənarda xərcləməsinin qarşısı müəyyən dərəcədə alınır.  Azərbaycan Hava Yolları (AZAL) və yerli hava limanları bu rejimdən maksimum dərəcədə maliyyə mənfəəti əldə edir.

Eyni zamanda milli təhlükəsizlik prioriteti önə çıxıb. Dövlət başçısı və rəsmi şəxslər qərarın sırf təhlükəsizlik mülahizələri ilə bağlı olduğunu dəfələrlə bəyan ediblər. Xüsusilə regional geosiyasi gərginliklər fonunda quru sərhədlərinə nəzarət daxili sabitliyin qorunmasında vacib filtr rolunu oynayır.

Azərbaycanın 2023-2026-cı illər üzrə Turizm Strategiyasında qarşıya qoyulan iddialı hədəflərə (ildə 4 milyon turist qəbulu) çatmaq, quru sərhədləri bağlı qaldığı müddətcə çətin olacaq. Sektorun tam gücü ilə nəfəs alması və daxili turizm bazarında rəqabətli qiymətlərin formalaşması üçün qonşu dövlətlərlə heç olmasa müəyyən kvotalar və ya xüsusi keçid rejimləri ilə quru yollarının açılması yaxın gələcəkdə qaçılmaz bir zərurətə çevrilə bilər. Növbəti 3 ay isə turizmin ən qaynar  mövsümünə təsadüf etdiyi üçün, bu qərarın iqtisadi nəticələrini payızda statistik hesabatlarda daha aydın görəcəyik.

Samir Abdulla

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.