Dünyada ürək-damar xəstəlikləri ölümün birinci səbəbidir. Bu rəqəm ölkəmizdə də belədir. Əlimizdə olan statistikalara görə, Azərbaycanda ölümlərin 60 faizi ürək-damar xəstəlikləri səbəbindən baş verir.
Bunu Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) sədri Üzeyir Rəhimov deyib.
Onun sözlərinə görə, bu xəstəliyin təzyiq, xolesterin, şəkər və s. səbəbləri var: “Dərman sektorunun bu qədər inkişaf etməsinə baxmayaraq, ölkədə təzyiq xəstəkərinin sayı 15 faiz artıb. Həmçinin şəkər xəstələrinin sayı 40 faiz, xolesterindən əziyyət çəkənlərin sayı yenə 15 faiz artıb”.
O bildirib ki, Azərbaycandakı təzyiq xəstələrinin 60 faizi təzyiqini ölçmür, təzyiqindən xəbərdar deyil:
“Onların ancaq 40 faizi dərman qəbul edir və 20 faizindən aşağısı təzyiqini nəzarətdə saxlayır. 50 yaşından yuxarı olan hər iki nəfərdən biri, 20 yaşından yuxarı şəxslərin isə hər 10-dan biri təzyiqdən əziyyət çəkir. Bunun əsas səbəbi hərəkətsizlik, qeyri-sağlam qidalanma və artıq çəkidir”.