Keçmiş Xarici İşlər naziri Tofiq Qasımov vəfat edib

29 Yanvar 2020 - 11:08

Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Qasımov dünyasını dəyişib.

İsveçrədə mühacir həyatı yaşayan keçmiş nazirin bu gün vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Tofiq Qasımov AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycanın Xarici İşlər naziri olub.(Yenisabah.az)

T.Qasımov 1988-ci ildən başlayan Azərbaycan Xalq Hərəkatının  sıralarına qoşulub, ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizənin önündə gedənlərdən, Azərbaycan Xalq Cəbhəsinin qurulmasında iştirak edənlərdən biri olub.

Tofiq Məsim oğlu Qasımov 10 aprel 1938-ci ildə Ağdaş rayonunun Ləki kəndində anadan olub. 1945-1955-ci illərdə Ağstafa dəmir yol məktəbində oxuyub. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb. Universiteti 1960-cı ildə Stalin təqaüdçüsü kimi bitirib və EA Fizika İnstitutuna işə göndərilib. Leninqrad şəhərində SSRİ EA-nın Fizika-Texnika İnstitutunda aspirant olub və 1969-cu ildə Leninqrad Yarımkeçiricilər İnstitutunun elmi şurasında namizədlik dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi adı alıb. 1970-ci ildən Azərbaycan EA-nın Fizika İnstitutunun elmi işçisi olub. 100-ə qədər elmi əsərin müəllifidir.

1987-ci ildən siyasətə qoşulub. Bakı Alimlər Klubunun yaradılmasının təşəbbüskarlarından və onun proqram və nizamnaməsinin müəlliflərindən biridir.

1988-ci ilin mart-may aylarında Elmlər Akademiyasının bir neçə əməkdaşı ilə birlikdə Azərbaycan Xalq Cəbhəsinin Proqramının hazırlanmasında iştirak edib. 1989-1990-cı illərdə Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olub.

Azərbaycan SSRİ xalq deputatı seçilib, Azərbaycan Ali Sovetinin 1990-cı ilin yanvarın 22-də çağırılmış fövqəladə sessiyasının işində iştirak edib. Həmin sessiyada Sovet Ordusu və Daxili Qoşunlarının Bakıda törətdikləri cinayətləri tədqiq etmək üçün yaradılmış Azərbaycan Ali Sovetinin İstintaq Komissiyasına üzv seçilib.

Azərbaycandan olan SSRİ Xalq Deputatları ilə iş aparmaq üçün AXC-nin İdarə Heyəti tərəfindən Moskvaya ezam edilib. Orada olduğu müddətdə 100-dən çox xarici televiziya, radio və mətbuat nümayəndəsinə Yanvar hadisələri, qaçqınlar və s. hadisələrin mahiyyətini açıqlayıb.

1992-ci ilin mayında Azərbaycan Respublikasının xarici işlər naziri təyin olunub, 1993-cü ilin aprelinə qədər bu vəzifədə işləyib. 1993-cü ildə Əbülfəz Elçibəyin prezident vəzifəsindən uzaqlaşdırılmasına etiraz əlaməti olaraq, vəzifəsindən gedib.
Azərbaycan Respublikasının Xarici siyasətinin inkişafında öz dövrünə görə müəyyən rolu olub. Bir çox dövlətlərdə keçirilən beynəlxalq konfranslarda, beynəlxalq təşkilatların toplantılarında Azərbaycanı təmsil edib. İngilis, türk və rus dillərini bilir.

Heydər Əliyevin prezidentliyi zamanı siyasi fəaliyyətini Müsavat Partiyasında davam etdirib. 1995-ci ildə mart qiyamında şübhəli bilinərək həbsdə yatıb. Sonradan azadlığa çıxan eks-nazir ölkəni tərk edərək, bir müddət Türkiyə universitetlərində dərs deyib. Oradan Norveçə köçən T.Qasımov  daha sonra İsveçə mühacirət edib. Oradan isə İsveçrəyə gedib.

2 qızı var. Hazırda həyat yoldaşı və qızları ilə İsveçrənin Lütsern şəhərində yaşayır.