“İnkişafımız misilsiz şəkildə hamımızın gözü qarşısındadır”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Səyyad Salahlı deyib.
Deputat bildirib ki, burda söylədikləri bəzi xırda-para nöqsanları gün işığına çıxartmaqdır: “Bunu ona görə edirik ki, əlaqədar nazirliklər bunu görüb bir az aktiv fəaliyyət göstərsinlər ki, səhvlərimiz olmasın”.
Səyyad Salahlı qeyd edib ki, camaatın vəziyyəti yaxşıdır: “Gözləyirlər ki, dövlət insanlara pul, traktor versin. Gedin 10 nəfər yığışın traktor alın, heç kimə də minnət eləməyin. Əsas yeri qazmaqdır, dövlət toxumu, subsidiyanı verir. Sən tənbəlsən, indi nə edək? İzah edirik sonra başa düşürlər. Çoxlu inkişaf etmiş fermerlər də var. Kim camaatın işi, pulu yoxdur deyirsə, yalandır”.
Sədr Sahibə Qafarova isə səslənən fikirlərə cavab verib: “Səyyad müəllim, siz deyirsiniz ki, hamısı xırda-para məsələlərdir. Amma xırda-para məsələlər haqqında xırda-para kimi danışmaq lazımdır. Onu böyük bir qlobal problemə çevirmək lazım deyil. Bu bir. İkincisi, hörmətli Səyyad müəllim sizin sözünüzdən mən elə başa düşdüm ki, elə bilirsiniz mən burada heç kimi danışmağa qoymuram. Xeyr! Burada oturan mənim çox hörmətli həmkarlarım var. Ən azı keçən 5 ildə çox yaxşı bilirlər ki, mən heç kimin sözünü heç vaxt kəsmirəm. Əgər kəsirəmsə, mən üzr istəyirəm. Tərbiyəm belədir. Burada suallarınıza özünüz elə cavab verdiniz. Çox zaman insanların özləri fəal olmalıdır. Bunu burada biz müzakirə edəndə hökumətin, dövlətin etdiyi işlər haqqında danışmaq lazımdır. Biz xalqı təmsil edirik. Burada isə bəziləri çıxış edəndə elə çıxış edirlər ki, guya onların seçiciləri bu gün bu ölkəyə qarşıdır. Görülən işlər haqqında danışılmır. Bu qədər işlər görülür. Əlbəttə çatışmazlıqlar var. İş olan yerdə problem də olacaq. Deputat bunu elə formada çatdırsın ki, camaata da çalxalanma salmasın. Siz dünən dediniz ki, bəzi hökumət üzvləri elə bil nəyisə qəsdən düzgün etmirlər. Bu kim üçün deyilir?! Hansı tərəflərin sözüdür bu? Ona görə də hər bir sözün arxasında ya faktlar durmalıdır, ya da dərin bir məntiq olmalıdır. Bunu tək sizə demirəm. Bu dəqiqə bunu hamıya deyirəm. Bu sahədə çox böyük işlər görülür. Hesabatlar var, onlara baxın. Dəfələrlə nazir gəlib burada çıxış edib, suallara cavab verib. Yenə də deyirlər sağlam heyvanlar verilmir. Kimsə deyir ki, kiminsə gedib soyuducusunu, qazanını yoxlayırlar. Xahiş edirəm ki, danışanda fikir verin. Burada hamıya danışmağa imkan verirəm. Mən 30 dəqiqəni ənənə etmişəm”.