Şimali Koreya ABŞ, Yaponiya və Cənubi Koreyanın hərbi təlimlərinə cavab olaraq sualtı nüvə silahı sistemini sınaqdan keçirib.
Azpost.info xəbər verir ki, bu barədə KXDR Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, sınaqlar Yapon dənizində aparılıb. Hələ də inkişaf mərhələsində olan “Heil-5-23” sisteminin sınaqlarının uğurlu olub-olmadığı açıqlanmır.
“Ordumuzun sualtı nüvə hazırlığı artırılacaq və təbii ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin və müttəfiqlərinin düşmən hərbi hərəkətlərinin qarşısını almaq üçün dənizdə müxtəlif cavab tədbirləri davam etdiriləcək”, – KXDR Müdafiə Nazirliyi qeyd edib.
Yaponiya, ABŞ və Cənubi Koreyanın hərbi dəniz qüvvələri yanvarın 14-dən 17-dək Koreya yarımadasının cənubunda Şərqi Çin dənizində birgə təlimlər keçirib. Manevrlərdə səkkiz döyüş gəmisi, o cümlədən ABŞ-ın nüvə enerjisi ilə işləyən təyyarədaşıyan “Karl Vinson” və “Aegis” çoxfunksiyalı döyüş sistemi ilə təchiz edilmiş “Princeton” kreyseri iştirak edib.
Azpost.info