“KİV-də vəzifəli şəxsin maaşı nə qədərdir ki, 3500 manat cərimə ödəyə bilsin?!”

“Media sahəsində nəzərdə tutulan cərimələr çoxdur. Önəmli olan şəxsin tənbeh olunmasıdır”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında komitənin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, bu məsələ ciddi şəkildə müzakirə edilməlidir: “İnzibati cərimə ailəni gündəlik tələbat məhsullarından məhrum etməməlidir. Bütün iqtisadçılar hesablayır ki, hazırda Azərbaycanda gəlirin 60 %-dən çoxu istehlak mallarının alışına gedir. Ümumiyyətlə aydınlaşdırılmalıdır ki, mediada vəzifəli şəxsin orta aylıq əməkhaqqı nə qədərdir ki, o, 3500 manat cəriməni ödəyə bilsin?! Reytinqi ölçməməyə görə 1500 cərimə nə deməkdir? Bu cərimə çoxdur. Məncə, buna görə xəbərdarlıq da yetərlidir. Əvvəl belə olubsa, bunu indi belə qəbul etməməliyik. Bir çox hallarda biz sadəcə, cərimələri artıra-artıra gedirik. Prezident bir tərəfdən pensiyaları, əməkhaqlarını artırır ki, inflyasiyanın qarşısı alınsın, amma biz də cərimələri artırırıq. Ümumiyyətlə, İnzibati Xətalar Məcəlləsində bütün cərimələrə biz baxmalıyıq. Biz Cinayət Məcəlləsində buna getdik, humanizm tətbiq etdik. Amma İnzibati Xətalar Məcəlləsində də buna ehtiyac var”.

Əvvəlki məqalə

“Nazirliklərdə işçilər işə kompüterdə oyun oynamağa gəlirlər” –

Sonrakı məqalə

“ABŞ “Krım Ukraynadır” deməklə Kiyevi terror aktları törətməyə sövq edir”