Koronavirusla bağlı karantin rejimini pozmağa görə cəzalar sərtləşdirilir

- Rusiyada
30 Mart 2020 - 13:30

Rusiya hökuməti koronovirusla bağlı karantin rejimini pozmağa görə məsuliyyətin sərtləşdirilməsi haqqında qanuna düzəlişi qəbul edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin bildirib: “İndi bizim əsas vəzifəmiz virusun yayılmasını minimallaşdırmaqdır”. 

Qeyd edək ki, inzibati xətalar məcəlləsinə ediləcək dəyişikliyə görə, karantin rejimini pozan şəxs ucbatından əgər kimsə yoluxubsa və ölübsə, o zaman fiziki şəxslər 150 min rubldan 300 min rubla, hüquqi şəxslər isə 300 mindən 500 min rubla kimi cərimə olunacaqlar.  

Karantin rejimini pozmağa görə maksimal cərimə isə 1 milyon rubl olacaq. Bu cərimə fəaliyyəti kiminsə ölümünə səbəb olan hüquqi şəxslər üçün olacaq.  

Bundan əlavə cinayət məcəlləsinə də dəyişikliklər edilməsi nəzərdə tutulur. Karantin rejimini pozan şəxslərin 7 ilə qədər azadlıqdan məhrum edilməsi nəzərdə tutulur

Qeyd edək ki, bu gün dən Rusiya paytaxtında və Moskva vilayətində yaşından asılı olmayaraq hamı üçün özünütəcrid rejimini tətbiq olunub. Evi tərk etməyə ancaq təcili tibbi yardım çağırmaq üçün müraciət edən halda və həyat və sağlamlığa təhlükə halında olan zaman icazə verilir.

Bundan başqa, işə getməyə məcbur paytaxt sakinlərinə icazə veriləcək. Ən yaxın mağazadan və aptekdən alış-veriş etməyə, ev heyvanları ilə yaşadığı ünvandan 100 metrdən çox olmayaraq məsafədən gəzməyə və zibil atmağa icazə verilir.

O da bildirilib ki, yaxın günlərdə küçəyə çıxmaq ancaq xüsusi buraxılış icazəsi ilə mümkün olacaq. Bu buraxılış icazəsi Moskva hökuməti tərəfindən paytaxt sakinlərinə veriləcək.

Baş nazir Mixail Mişustin bu rejimin bütün ölkə üzrə tətbiq olunması təklifi ilə çıxış edib.