Kürdəmirdə ər 3 uşaq anası olan arvadını öldürüb

Yanvarın 6-sı saat 13 radələrində Kürdəmir rayonu ərazisində 1994-cü il təvəllüdlü Könül Qurbanovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Kürdəmir rayon prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış araşdırma zamanı zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Pərviz Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Könül Qurbanovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Pərviz Qurbanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Hadisə törədən P. Qurbanov könüllü olaraq polisə təslim olub. Kənd sakinlərinin məlumatına görə, cütlük 6 il evli olub, 3 uşaqları var. Hazırda orta məktəbin 2, 4 və 5-ci siniflərində oxuyan, iki qız və bir oğlan hadisə baş verən vaxt dərsdə olublar.

Ərinin Könül Qurbanovanı boğaz nahiyəsindən bıçaqla vuraraq öldürdüyü deyilir. Qətlə yetirilən Könül Qurbanovanın əmisi İnqilab Mövlayevin dediyinə görə, Pərviz Qurbanov içki düşkünü olub. Evliliyin ilk aylarından ailədə söz-söhbət yaranıb. Bir neçə dəfə Könül Qurbanova ərindən ayrılmaq məqsədi ilə ata evinə köçüb. Valideynlərin müdaxiləsindən sonra tərəflər arasında barışıq olub. Hətta bir neçə il qabaq Pərviz Qurbanov içkini atmaq üçün dispanser müalicəsində olub. Ərlə arvad tez-tez mübahisə etdiyindən boşanma qərarına gəliblər. Ailədə vəziyyət günü-gündən pisləşib və sonda məlum hadisə baş verib. Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə

Uşaqlara çox vitamin verilməsi toksik vəziyyətə səbəb ola bilər

Sonrakı məqalə

“Ermənilərin Ordumuzun 2022-ci ildəki itkiləri ilə bağlı məlumatı yalandır” –