“Laçın dəhlizindən düzgün istifadə edilmədiyini görürük” –

Binəli Yıldırım
06 Noyabr 2021 - 09:56

“Post-münaqişə dövründə Cənubi Qafqaz fərli, müsbət məcrada inkişaf edə bilər”.

Azpost.info APA-ya istinadən bildirir ki, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” mövzusunda paneldə Türkiyənin keçmiş Baş naziri (2016-2018-ci il) Binəli Yıldırım bildirib.

O qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 2020-ci ilin noyabrında imzaladıqları üçtərəfli sazişə əsasən dəhlizlər açılmalı idi: “Biz üçtərəfli razılaşmalar əsasən hazırda humanitar məqsədlərlə açılmış Laçın dəhlizindən düzgün istifadə edilmədiyini, Ermənistanın təxribatçı hərəkətlərə yol verdiyini görürük. Rusiya bu razılaşma ilə bağlı üzərinə düşən vəzifələri daha effektiv icra etməlidir. Eyni zamanda Zəngəzur dəhlizi açılmalıdır”.

Türkiyənin sabiq Baş naziri qeyd edib ki, Türkiyə Cənubi Qafqazın Orta Asiyaya və Avropaya bağlanması istiqamətində səylər göstərib: “TANAP və TAP layihələri Azərbaycan qazının Türkiyə üzərindən Avropaya ötürülməsini təmin edir. Biz Ermənistanla kommunikasiyalar bağlı olduğu üçün Gürcüstan üzərindən Bakı-Tbilisi-Qars dəmir yolunu tikdik. Buna Dəmir İpək Yolu da deyilir. Çindən Avropaya konteyner daşımalarında da bu dəmir yolundan istifadə edilir. Bu, Çindən Avropaya dəniz yolu ilə daşımalardan daha ucuz daşımaları təmin edir. Biz regionun çiçəklənməsi üçün birgə təməl daşları qoymalıyıq”.