“Limitin 100 kilovat artırılması ciddi bir güzəşt sayıla bilməz” –Natiq Cəfərli

Azərbaycan Nazirlər Kabineti həssas əhali qrupuna aid olan ailələrin əyani təhsil alan tələbələrinin təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi və əhali üzrə elektrik enerjisinin aylıq istehlak həcminin limitinin 100 kilovat artırılması barədə qərar qəbul edib.

Qərarda deyilir ki, ünvanlı dövlət sosial yardımı alanların, hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) I və II dərəcə əlilliyi olan şəxslərin, işsiz kimi qeydiyyatda olanların, yaşa görə əmək pensiyaçılarının, yaşa görə sosial müavinət alanların ali təhsil alan övladlarının 2020-ci ildə təhsil haqqı xərcləri, orta ixtisas və peşə təhsili müəssisələrində isə illik təhsil haqqının 50 faizi dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş əhali üzrə elektrik enerjisinin 7 qəpik/kilovat-saat tarifi tətbiq olunan aylıq istehlak həcmi 2020-ci ilin aprel ayından etibarən ardıcıl iki hesabat ayı müddətində 100 kilovat/saat artırılaraq, 400 kilovat/saat müəyyən edilib.

Bu limiti aşan istifadəçilər hər kilovat üçün 14 qəpik ödəniş etməlidir.

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, Nazirlər Kabinetinin elektrik enerjisi ilə bağlı qərarı həssas əhali qrupunun əksəriyyətinə təsir edəcək qüvvədə deyil.

“Çünki həssas əhali qrupunun böyük qismi ay ərzində 300 kilovat/saatdan çox elektrik enerjisi istifadə etmir. Ay ərzində limit100 kilovat artırılması isə cəmi 4 manat edir. Bu, həm də ciddi bir güzəşt sayıla bilməz. Bu, yalnız ayda 400 kilovat/saatdan çox elektrik enerjisi istifadə edən villa sahiblərinə sərf edə bilər,” ekspert qeyd edib.

Cəfərli Nazirlər Kabinetinin tələbələrin təhsil haqqı ilə bağlı qərarını nisbətən məntiqli sayır.

“Tələbələrin təhsil haqqı ilə bağlı qərarın nə qədər tələbəni əhatə edəcəyini bilmirik. Çünki bu kateoqiyaya aid edilən tələbələrin sayı barədə rəsmi rəqəm hələ yoxdur. Amma tələbələrlə bağlı verilmiş qərar daha məntiqlidir və yəqin ki, xeyli tələbəni əhatə edəcək. Yaxşı olar ki, rəqəmləri də açıqlasınlar,“ o, Amerikanın Səsinə deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Vəziyyətim həyat və ölüm astanasında idi” –

Sonrakı məqalə

“ABŞ-ın İrana qarşı neft sanksiyaları ədalətsizdir” –