“Lukoil” neftin bahalaşacağını proqnozlaşdırır

Rusiyanın “Lukoil” şirkəti yeni “OPEC+” (Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) razılaşması çərçivəsində neft hasilatını 18% və ya gündəlik 40 min ton azaldacaq.

APA-Economics”in “Interfax“a istinadən verdiyi məlumata görə, bunu şirkətin prezidenti Vahid Ələkbərov deyib.

Onun sözlərinə görə, “Lukoil” razılaşma işə düşəndən sonra neftin bir bareli üçün qiymətinin 30 ABŞ dollarınadək artacağını gözləyir.

Xəbər verildiyi kimi, “OPEC+” çərçivəsində Rusiya may-iyun aylarında hasilatı aprel ayı ilə müqayisədə 1,8 mln. barel (və ya 18%) azaltmalıdır.

Qeyd edək ki, aprelin 9-da OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib.

“Əməkdaşlıq Bəyannaməsi”nə edilmiş düzəlişlərə əsasən, Meksikanın hasilat kvotaları may-iyun aylarında 400 min barel əvəzinə 100 min barel müəyyənləşdirilib. Meksikanın öhdəliyinin digər qismini kompensasiya etmək üçün ABŞ-ın öz hasilatını əlavə olaraq 300 min barel azaltması ilə razılaşıb. Bununla da “OPEC+” üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel (10 mln. barel əvəzinə), iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln. barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində (may-iyun) Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirusun Avropa İttifaqına neçəyə başa gələcəyi

Sonrakı məqalə

Gələn ayın bayramlarla əlaqəli qeyri-iş günləri