Mədəniyyət naziri “Yuğ” teatrının kollektivi ilə görüşüb

Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Dövlət Yuğ Teatrının kollektivi ilə görüşüb.

Nazirlikdən  bildirilib ki, görüşdə çıxış edən mədəniyyət naziri teatrın Azərbaycan mədəniyyətində xüsusi yeri olduğunu deyib. Adil Kərimli teatrın maraqlı tamaşaları, həyata keçirdiyi layihələrlə yanaşı, xaricdə də ölkəmizi uğurlu təmsil etdiyini vurğulayıb.

Azərbaycan Dövlət Yuğ Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İslam Həsənov teatrın illərdir bina problemi yaşadığını diqqətə çatdırıb. Direktor qeyd edib ki, 1989-cu ildən studiya, 1992-ci ildən dövlət teatrı kimi fəaliyyət göstərən “Yuğ” teatrı 2016-cı ildən etibarən fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirir. Məkan problemi yaradıcı fəaliyyətə və davamlı iş prosesinə mənfi təsir göstərir.

Teatrın baş rejissoru Mikayıl Mikayılov, Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artistlər Sonaxanım Mikayılova, Gülzar Qurbanova, aktyor və rejissor Əbdülqəni Əliyev çıxış edərək teatrın uğurlarından, yaradıcılıq prosesindən, eləcə də mövcud problemlərdən danışıblar.

Adil Kərimli teatrın bina məsələsinin diqqətdə olduğunu və bu problemin qısa zaman ərzində həll ediləcəyini vurğulayıb. O, həmçinin nazirliyin teatr sənətinin inkişafına yönəlmiş təşəbbüslərə, yaradıcı təkliflərə dəstək olmağa hazır olduğunu bildirib.

Nazir görüşün sonunda kollektivə yaradıcı fəaliyyətində uğurlar arzulayıb.

 

Əvvəlki məqalə

Bakıda bu iaşə obyektində saxta spirtli içkilər aşkarlanıb

Sonrakı məqalə

AQTA saxta qida ekspertləri ilə bağlı xəbərdarlıq edib