Mədəniyyət Nazirliyində “Tiktok”un vitse-prezidenti ilə görüş olub

Bakıda davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində xarici nümayəndə heyətləri və müxtəlif beynəlxalq qurumların nümayəndələri ilə ikitərəfli görüşlər təşkil olunur. Noyabrın 18-də Mədəniyyət Nazirliyində Tiktok videoməzmun sosial media platformasının nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə  nazirlikdən məlumat verilib.

Görüşdə Tiktokun dövlət siyasəti üzrə vitse-prezidenti Helena Lerç, Şərqi Avropada dövlət siyasəti və korporativ əlaqələr departamentinin direktoru Sergey Sokolov və şirkətin dövlət qurumları üzrə məsləhətçisi Emin Axundov iştirak ediblər.

Nümayəndə heyətini salamlayan mədəniyyət naziri Adil Kərimli Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbirə qatıldıqlarına görə qonaqlara təşəkkürünü bildirib.

Söhbət zamanı Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu ilin əvvəlində həyata keçirilən “#TikTokdanÖyrən” (#LearnOnTikTok) müsabiqəsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, iki ay müddətində istifadəçilər ümumilikdə 20 mindən çox maarifləndirici video yaradaraq nümayiş etdiriblər.
Bildirilib ki, nazirlik bu platforma vasitəsilə mədəniyyət sahəsinə dair yeni aktual məzmunların yaradılmasında və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
Görüşdə mədəniyyətlə bağlı layihələrə dair fikir mübadiləsi aparılıb.

Əvvəlki məqalə

Azərbaycan COP29-dan səmərəli faydalanaraq enerji keçidinə doğru irəliləyir

Sonrakı məqalə

Hesablama Palatası “pensiya 280 manat olacaq” xəbərinə aydınlıq gətirib