Məhəmməd Əmin Rəsulzadənin 1907-ci ildə çəkilmiş fotosu –Stalinlə dost olduğu, “Hümmət”ə üzv olduğu zamanlar (FOTO)  

İnternetdə AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadənin fotoqraf Tural Hüseyn tərəfindən restavrasiya olunmuş fotosu yayılıb.

Foto 1907-ci ildə çəkilib.

Azpost.info bildirir ki, Cumhuriyyət dövrünün araşdırıcısı Dilqəm Əhməd fotoya şərh verərək şəkilin “Nicat” cəmiyyətinin toplu fotosundan kəsilib peşəkarcasına rəngləndiyini vurğulayıb.

1907-10-cu illərdə M.Ə. Rəsulzadə aktiv siyasi fəaliyyət göstərib.

1904-cü ilin axırlarında Mir Həsən Mövsümov, Məmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə “Müsəlman demokratik “Müsavat” cəmiyyəti”nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində “Müsəlman sosial-demokrat “Hümmət” təşkilatı” yaradıblar.

Məşədi Əzizbəyov, Nəriman Nərimanov və başqa görkəmli inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın “Hümmət” adlı qəzeti də nəşr edilir, qəzetin əsas naşirlərindən biri də Rəsulzadə olur. Bundan sonra qəzet öz nəşrini dayandırır, 1906-cı ilin dekabrından “Təkamül” adı ilə çıxır. Həmin illərdə Bakı neft mədənlərində və Azərbaycanın qəzalarına ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi bilavasitə Rəsulzadənin adı ilə bağlıdır. 1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibi-Heybətdə dəfn günü, onun qəbri üstündə keçirilən böyük yığıncaqda P.Caparidze, S.M.Əfəndiyev, İ.V.Stalin ilə birlikdə Rəsulzadə də alovlu nitq söyləyir. Onu da qeyd etmək lazımdır ki, Rəsulzadə əsrimizin əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalinlə çox səmimi və yaxın dost olub. Hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini, fəhlələri tətilə dəvət etdiyi üçün, neft quyusuna atmaq istəyiblər. Özünü hadisə yerinə çatdıran Rəsulzadə Stalini ölümdən qurtarır. O, Stalinin Bayıl həbsxanasından gizli surətdə qaçırılmasının da təşkilatçısı olur.

Həmin dövrlərdə bolşeviklərin Rusiya imperiyasının sərhədlərini saxlamaqla və yalnız sinfi ziddiyyətləri aradan qaldırmaq uğrunda mübarizə apardıqlarını hiss eləyən Rəsulzadə RSDFP-nin sıralarından uzaqlaşır. O, rus müstəmləkə üsul-idarəsinə qarşı Azərbaycan milli istiqlal hərəkatının təməl daşını qoymağa başlayır.

1908-ci il dekabrın 5-də Məhəmməd Əminin “Qaranlıqda işıqlar” pyesi tamaşaya qoyulur. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi. O, özünün bu əsəri ilə “Azərbaycana muxtariyyət” şüarı fikrini yayır və rus çarizm üsul-idarəsi istibdadını yıxmağa çağırır. Onun bu pyesi Azərbaycanda milli-istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. Bu əsərdən başqa Rəsulzadənin həmin ildə yazdığı “Nagəhan bəla” adlı pyesi də var. 1908-ci ilin axırında Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhrlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür.

O, İranda şahlıq üsul-idarəsinə qarşı başlanmış məşrutə inqilabının əsas rəhbərlərindən biri olur. Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından izləyir. Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süləyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran Demokrat Partiyasının əsasını qoyur. O, bu pariyanın əsas orqanı olan “İrane Nou” və “İrane Ahat” qəzetlərinin baş redaktoru olur. Həmin qəzetlərdə Rəsulzadənin çoxlu məqalələri, şer və publisist yazıları çap olunur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoyur. Sonralar Seyid Həsən Tağızadə Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: “Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən Rəsulzadə olub”.

Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri Rəsulzadənin ölkədən xaric olunması haqqında şahlıq üsuli-idarəsindən tələb eləyir. Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün İstambula müraciət edir. O, Türkiyənin paytaxtında həmyerliləri Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevlə görüşür, Yusifbəy Ağçura oğlu , Ziya Gök Alp və başqa görkəmli alimlərlə münasibət qurur. Rəsulzadə “Gənc türklər” təşkilatına rəğbət bəsləyir, “Türk ocağı” cəmiyyətində çalışır və onun əsas orqanı olan, 1911-ci ilin noyabrından nəşrə başlayan “Türk yurdu” jurnalının fəal yazanlarından olur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxub –

Sonrakı məqalə

Ölkədə aparılmış koronavirus testlərinin sayı 270 mini keçib