Məmməd Süleymanovun yazısı –

Epataj nəsillər 
17 Sentyabr 2019 - 23:02

Adət bu cürdür – Hər bir nəsil özünü bənzərsiz və daha mütərəqqi sayır. Əsassız ümidə qapılır ki, dünyanın xilası məhz onun missiyasıdır. Ancaq dünya gözəlləşmir ki gözəlləşmir.

Heç vaxt bir nəslin o birisindən üstünlüyünə inanmadım. Qiyamçı nəsil olmur, qiyamçı fərdlər olur. Sadəcə bu sonuncuların fikir və nümunələri yerdə qalanlara sirayət edəndə bütün nəslin qiyamı illüziyası yaranır. Və hər sonra gələn nəslin isterikcəsinə özündən əvvəlkilərin üstünə çımxırması olsa-olsa naqislik kompleksinin nəticəsidir. Bu yolla kimsə öz milləti, kimsə öz dövləti, kimsə də öz doğulduğu illərlə fəxr edir. Və Semyuel Consonun məşhur aforizmini başqalaşdırıb deyərdim ki, “Nəsli ilə fəxr etmək – gücsüzlərin son sığınacaq yeridir”. Bu, xüsusilə də mənim də məxsus olduğum 70-80-cı illərdə doğulmuşlara aiddir. Bu günkü biabırçılıqların həmmüəllifi, iştirakçısı, şahidi və passiv seyrçisi olanlara…

30-40-cı illərdə doğulanlar bizə böyük bir dövlət qoydu. 50-60-cı illərdə doğulanlar ərazisi indikindən böyük olmuş Azərbaycan üçün çalışdı. 70-80-cı illərdə doğulanlar isə itkilərin yerini doldura bilmək barədə bir gün də olsa çalışmadan öz uğursuz mövcudluğunun səbəbini özündə yox, əvvəlkilərdə axtarmaq əfəlliyini özünə missiya seçdi. Valideynlərin üzünə ağ olmaqla özünü “ağ vərəq”, təmizlik simvolu saymaq adətən ən zəiflərin işi olub – “mentaliteti dağıdan” bu “kəpənəkli” oğlanlardan başqa nə gözləyəsən? “Əcinnə ovu”nun nəsil variantı. Məxsus olduğum 70-80-cı illər nəsli məhz bununla məşğuldur. Və əsassız qəzəbin ardınca əsassız da özünəyazıqlıq gələcək. “Yorğun demokrat” kimi yaşayıb ömrün qürubuna dirənəndə.

Əlbət, bu bir dəbdir. Almaniyada RAF-çılar öz valideynlərini nasizmlə eyniləşdirirdi. Bəs onda nasizmə qarşı çıxıb həyatlarını itirmiş yüz minlərlə alman antifaşisti niyə unudulur? 60-cı illərdə ABŞ-da yappilər valideynlərini “donuzlar nəsli” adlandırırdı. Həmin yappilər bu gün respektabelli burjuadır, isteblişmentdir, tipik istehlakçıdırlar. Bəs hara getdi onların psevdo-qiyamı? Donuz olub başqalarını donuz adlandırmaq ani bir epatajmış.

Postmodern və epataj – bu dəyər və bu taktika burjuanın öz bətnindən çıxarıb psevdo-qiyamı bəsləmək üçün yetirdiyi fəndlərdir. Məndə bu epataj fiqurlar, vaxtilə Floberin yazdığı “Yarım-allah kimi düşünüb burjua kimi yaşayanlar” sadəcə kinayə doğurmur. Çünki, bu bəsit “fleş-mob”çuları ziyansız bir oyunun iştirakçıları saymaqla kifayətlənmirəm. Onları öz psevdo-qiyamı ilə əsl qiyam alovunun söndürücüləri sayıram. Onlar bilvasitə (bilməyərəkdən) mövcud formasiyanın sütunlarını bərkidirlər.

Onlar öz “nəsillərin mübarizəsi”ndə də epatajla məşğuldur. Nədir, 30-40-cı illərin nəslindən olan Xudu Məmmədov, yaxud 50-60-ların yetirməsi Məmməd Nazimoğlu “salam verilməyəsi” və “avtobusda yerini güzəştə getməyə layiq olmayan” fərdlərmiş, səhv yaşayıblar və 70-80-lərdə doğulanların öyrətdiyi ağıla ehtiyacları varmış, bu sonuncular isə bu ölkənin xilasıdır? Bu günkü şou və “layk” nəsli dünənki yaradıcılara dərs keçmək iştahasındadır.

Bütün nəsillər eyni cürdür – budur reallıq. Fərqlər fərdlərdədir. Bir qütbdə qiyamını bu gün də saxlayan 75 yaşlı Antonio Neqri dayana bilər, o biri qütbdə mövcudluğunun vakuumunu virtualla dolduran 20 yaşlı “qiyamçı nəslin qiyamçısı”.

Hər kəs yalnız özündən danışa bilər – reallıq bu. Heç kəs özünü bütöv bir nəslin ağsaqqal-ağbirçəyi saymasın. Həm gülünc görünür, həm saxta. Hər kəs öz ana-atasına nifrət etməkdə sərbəstdir, ancaq başqalarının valideynlərini də bu kateqoriyaya salmağa onlara haqq verilməyib…

P.S. Epatajı virtuala daşımağa sərf olunan enerji risqli Qiyama dirənəndə sönüb gedir. Bu da bir ömürdür – xərcləyə bilsən…

Məmməd Süleymanov