Mətbuat Şurası AZTV-nin əməkdaşlarının Fransada təzyiqə məruz qalmalarını pisləyib

Azərbaycan Mətbuat Şurası Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşlarının bu il iyunun 28-də Fransada təzyiqə məruz qalmaları ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilib:

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşlarının Fransada hücuma məruz qalmaları söz və ifadə azadlığına dözülməz münasibətin nəticəsidir. Fransada peşə borlcarını yerinə yetirən jurnalistlərin fəaliyyətlərinin məhdudlaşdırılması, onlara qarşı şiddət halları ilk dəfə deyil ki, baş verir. AZTV-nin əməkdaşları da belə bir hadisə ilə xidməti vəzifələrini yerinə yetirərkən – çəkiliş apararkən üzləşiblər. Müxbir və operator yüngül bədən xəsarətləri alıblar, eyni zamanda, onların çəkiliş kameraları əllərindən alınıb. Kameranı geri qaytarmaq cəhdləri nəinki səmərə verməyib, üstəlik media təmsilçiləri silahla hədələniblər.

Azərbaycan Mətbuat Şurası məlum insidenti qətiyyətlə pisləyir. Qurum Fransa hakimiyyətini azərbaycanlı jurnalistlərin qanuni peşə borclarını yerinə yetirmələrinə aşkar müdaxilə faktına hüquqi qiymət verməyə, günahlarların tez bir zamanda tapılaraq məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri addımlar atmağa çağırır. Şura, həmçinin, Avropada və dünyada söz və ifadə azadlığının, media hüquqlarının qorunması sahəsində ixtisaslaşmış aparıcı təşkilatları da məsələni diqqətdə saxlamağa, həmrəylik nümayiş etdirməyə çağırır.

Azərbaycan Mətbuat Şurası bildirir ki, AZTV-nin əməkdaşlarına qarşı nalayiq rəftar fundamental insan hüquq və azadlıqlarının vacib tərkib hissəsi sayılan söz və ifadə azadlığına qarşı basqıdır, informasiya almaq hüququnun məhdudlaşdırılmasıdır. Hadisəni törədənlər mütləq qaydada məsuliyyətə cəlb olunmalıdır ki, oxşar neqativ hadisələr tendensiya şəklini almasın, gələcəkdə yenidən təkrarlanmasın.

Əvvəlki məqalə

“Biz bilmirik ki, Putindən sonra yaxşısı və ya pisi gələcək”

Sonrakı məqalə

İsrail “Dəmir qübbə” sistemini Ukraynaya verməkdən imtina etdi