Mədəniyyət Nazirliyinin sabiq Xidmət rəisinin həbs müddəti azaldıldı

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun apellyasiya məhkəməsi keçirilib.

Bakı Apellyasiya Məhkəməsində bu gün baş tutan iclasa vəkil Vüqar Babayev müdafiə çıxışı edib. Daha sonra qərar elan olunub. Qərara əsasən, Z.Sultanovun həbs müddəti 5 il 6 aya endirilib.

Qeyd edək ki, Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla iş otağında tutulub. Rəsmi ittihama görə, Zakir Sultanov tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə təqsirli bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin bu ilin yanvarında çıxardığı hökmə əsasən, o, 11 il müddətə azadlıqdan məhrum edilmişdi.

Sabiq rəis məhkəmə istintaqı dövründə dövlətə vurduğu 5,3 milyon manat zərəri ödəyib. Belə ki, məbləğin 4 milyon manatı Zakir Sultanovun qardaşı tərəfindən DTX-nin depozitinə ödənilib. Qalan məbləğin əvəzində isə sabiq rəisin evindən çıxan, bank hesabında olan pullar, ona məxsus qızıl sikkələr, təsbəh, saat bilərzik və s. kimi əşyalar müsadirə edilib.

Əvvəlki məqalə

Maaş az olduğuna görə, alimlər AMEA-nı tərk edir –

Sonrakı məqalə

Kanada Rusiyanın müsadirə olunmuş aktivlərini Ukraynaya verəcək