“Mərkəzi Bankın qərarları etibarsızdır, İdarə Heyəti qərar qəbul edə bilməz” –ƏKRƏM HƏSƏNOV

“Mərkəzi Bankın yeni sədri Taleh Kazımovun baş bankirliyinin 100 günü tamam oldu. Lakin Mərkəzi Bankın taleyində dəyişikliklər yoxdur”.
Azpost.info bildirir ki, bu sözləri bank üzrə tanınmış mütəxəssis, hüquqşünas Əkrəm Həsənov bildirib.
Onun sözlərinə görə, hazırda Mərkəzi Bankın İdarə Heyətində cəmi 3 üzv var: sədr və iki müavin: “Halbuki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən İdarə Heyətinin tərkibi 7 nəfərdən ibarət olmalıdır: sədr, Mərkəzi Bankda daimi əsaslarla işləyən dörd üzv və iki kənar üzv. Qanunun 23.5-ci maddəsinə görə İdarə Heyətinin iclası üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır və bunlardan biri sədr, yaxud onu əvəz edən şəxs olmalıdır. Yəni yetərsay üçün İdarə Heyətində azı 4 üzv olmalıdır. Hazırda 3 üzv olduğu üçün İdarə Heyəti heç bir qərar qəbul edə bilməz”.
Ekspert deyib ki, İdarə Heyətinin səlahiyyətləri Qanunun 22-ci maddəsində təsbit edilib: “Həmin səlahiyyətlərə o cümlədən bunlar aiddir: pul siyasətinin alətlərinə dair qərarların qəbulu, o cümlədən uçot dərəcəsinin müəyyən edilməsi, normativ xarakterli aktların təsdiqi və s. Son aylar ərzində Mərkəzi Bank bu səlahiyyətləri həyata keçirib. Pul siyasəti (uçot dərəcəsi və s.) ilə yanaşı məsələn, 29 iyun 2022-ci il tarixdə İdarə Heyəti “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda” təsdiq edib. Görəsən, yetərsay olmadan bunu necə edib? Açıq-aşkardır ki, bütün bu qərarlar etibarsızdır və onların hüquqi qüvvəsi yoxdur”.
Əvvəlki məqalə

Zəngilan hava limanına beynəlxalq kod təyin edilib

Sonrakı məqalə

“Oğurlayır, Putinə kömək edirlər… buna son qoyacağam!”