Azərbaycanda özəl sektorun qeyri-neft-qaz sahəsində çalışan işçilərin əməkhaqlarından tutulan gəlir vergisi 2027-ci il yanvarın 1-dən artırılacaq. Hazırda 3 faiz təşkil edən vergi dərəcəsi 5 faizə yüksələcək. Bu dəyişiklik minlərlə muzdlu işçinin əlinə çatan aylıq əməkhaqqına təsir göstərəcək.

Azpost.info bildirir ki, 2019-cu ildən tətbiq edilən vergi güzəştlərinin mərhələli başa çatması nəticəsində 2026-cı il yanvarın 1-dən etibarən özəl qeyri-neft-qaz sektorunda çalışanların əməkhaqlarından gəlir vergisi tutulmağa başlanılıb. Bu il 2500 manatadək aylıq gəlirə 3 faiz vergi tətbiq edilir. Gələn ildən isə həmin göstərici 5 faiz olacaq.

Qeyd edək ki, bu dəyişiklik yeni müzakirə olunan qərar deyil. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə əvvəlcədən müəyyənləşdirilmiş mərhələli vergi mexanizmidir.

Maaşı 1000 manat olan nə qədər vergi ödəyəcək?

Yeni vergi dərəcəsinin işçilərin gəlirlərinə təsirini hesablamaq üçün müxtəlif əməkhaqqı məbləğlərini müqayisə etdik.

Hesablamalar əsas iş yerində çalışan, aylıq əməkhaqqı 2500 manatadək olan və 200 manatlıq vergidən azadolma hüququndan istifadə edən işçilər üçün aparılıb.

Beləliklə:

-1000 manat əməkhaqqı alan işçinin gəlir vergisi hazırda 24 manatdır. 2027-ci ildən bu məbləğ 40 manata yüksələcək. İşçinin aylıq itkisi 16 manat olacaq.

-1500 manat maaş alan şəxsin ödədiyi vergi 39 manatdan 65 manata qalxacaq. Aylıq fərq 26 manat təşkil edəcək.

-2000 manat əməkhaqqı alan işçinin vergisi 54 manatdan 90 manata yüksələcək. Onun aylıq gəliri 36 manat azalacaq.

-2500 manat maaş alan şəxsin gəlir vergisi isə 69 manatdan 115 manata çatacaq. Bu halda aylıq fərq 46 manat olacaq.

Başqa sözlə, əməkhaqqı dəyişməz qalarsa, göstərilən işçilərin illik gəlir itkisi müvafiq olaraq 192, 312, 432 və 552 manat təşkil edəcək.

Hansı işçilərə şamil olunacaq?

Burada vacib məqam ondan ibarətdir ki, 3 faizdən 5 faizə yüksəliş bütün əməkhaqqı alanlara aid deyil.

Dəyişiklik neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində əmək müqaviləsi ilə çalışan şəxslərə aiddir. Dövlət sektorunda və neft-qaz sahəsində çalışan işçilər üçün isə gəlir vergisinin ümumi dərəcələri tətbiq edilir. Onların vergiyə cəlb olunması ayrıca qaydalarla tənzimlənir. Bundan başqa, 2500 manatadək aylıq gəliri olan və əsas iş yerində çalışan şəxslər üçün 200 manatlıq gəlir vergisi güzəşti saxlanılır.

2028-ci ildən vergi daha da artacaq

Mövcud qanunvericiliyə əsasən, gəlir vergisinin artırılması 2027-ci ildə başa çatmayacaq.

Belə ki, 2028-ci il yanvarın 1-dən etibarən 2500 manatadək aylıq gəlirə tətbiq olunan vergi dərəcəsi 7 faizə çatdırılacaq.

Bununla da özəl qeyri-neft-qaz sektorunda çalışanlar üçün gəlir vergisi üç mərhələdə dəyişəcək:

2026-cı il – 3 faiz;

2027-ci il – 5 faiz;

2028-ci ildən – 7 faiz.

İşəgötürənlərə təsiri necə olacaq?

Gəlir vergisinin artırılması ilk növbədə işçinin xalis əməkhaqqına təsir göstərir. Çünki bu vergi işçinin gəlirindən hesablanır və işəgötürən tərəfindən tutulub dövlət büdcəsinə köçürülür. Bu baxımdan, əməkhaqqı məbləği dəyişmədikdə vergi artımının birbaşa maliyyə yükünü işçi daşıyır. İşəgötürənin gəlir vergisi üzrə əlavə öhdəliyi yaranmır. Lakin dəyişiklik biznesin əməkhaqqı siyasətinə dolayı təsir göstərə bilər. Xüsusilə işçilərlə xalis əməkhaqqı əsasında razılaşan şirkətlər əvvəlki ödəniş səviyyəsini qorumaq üçün əməkhaqqının ümumi məbləğini artırmaq məcburiyyətində qala bilərlər.

Bu isə müəssisələrin əməkhaqqı fonduna əlavə xərc yarada bilər. Digər tərəfdən, gəlir vergisi artımının kompensasiya edilməməsi işçilərin real gəlirlərinin azalmasına, əməkhaqqı ilə bağlı narazılıqların artmasına səbəb ola bilər. Nəticədə şirkətlər qarşısında iki seçim yaranır: ya işçilərin xalis gəlirlərini qorumaq üçün əməkhaqqı fondunu artırmaq, ya da vergi artımının təsirini işçilərin üzərinə buraxmaq.

Samir Abdulla