Ermənistanın yeni Konstitusiya layihəsində ölkənin 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinə istinad yoxdur. Bu məqam sənədin giriş hissəsində – preambulada öz əksini tapmayıb.
Azpost.info bildirir ki, Baş nazir Nikol Paşinyan yeni Konstitusiya layihəsini xüsusi yaradılmış internet səhifəsində ictimaiyyətə təqdim edib.
Layihənin diqqət çəkən məqamlarından biri əvvəlki Konstitusiyanın preambulasında yer alan Müstəqillik Bəyannaməsinə istinadın yeni mətndən çıxarılmasıdır.
Xatırladaq ki, Ermənistanın qüvvədə olan Konstitusiyasının preambulasında dövlətçilik prinsiplərinin və milli məqsədlərin Müstəqillik Bəyannaməsində təsbit olunduğu qeyd edilir. Yeni layihənin preambulasında isə bu sənədə istinad yoxdur.
Hakim partiyanın deputatı Arusyak Julhakyan hələ avqust ayında yeni Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad edilməyəcəyini bildirmişdi. Onun sözlərinə görə, yeni sənəd əvvəlki Konstitusiyadan ayrı, sıfırdan hazırlanır.
Bu dəyişiklik Ermənistanda siyasi müzakirələrə səbəb olub. Müxalifət qüvvələri Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasına etiraz edirlər