“Magistraturaya sənəd qəbulunu yanvarın 30-na qədər başlamaq istəyirik” –

Məleykə Abbaszadə
14 Yanvar 2021 - 16:45

“İstəyirik ki, magistratura imtahanları ilə bağlı sənəd qəbulunu yanvarın 30-na qədər başlayaq. Bu, yanvarın 18-dək elan olunan karantin rejimi ilə bağlı qərardan asılıdır”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlarda fərqlənmiş nəzarətçi müəllimlər və imtahan rəhbərləri ilə onlayn görüşündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu imtahan bir mərhələli olacaq: “İmtahanın fevral ayında keçirilməsi üçün tələsmək lazım deyil, amma həmişə çalışırıq ki, bu imtahanı bir az tez keçirək ki, buraxılış və qəbul imtahanına vaxt qalsın. Qəbul imtahanını 2 dəfə keçirirdik, keçən il belə imkanımız olmadı, bu, bizim istəyimiz deyildi, pandemiya ilə əlaqədar belə oldu. Mart ayından imkan olsa, ola bilsin ki, yenə də iki mərhələdə – həm yaz, həm yay sessiyası keçirək. Aprel-mayda həmin ilin məzunları tam hazır olmur, çalışacağıq ki, bu il qəbul imtahanları 2 dəfə keçirilsin. Bu cədvəli imtahan ardıcıllığını müəyyən edəndən, müxtəlif dövlət orqanları ilə razılaşdırandan sonra elan edə bilərik. Keçən il müəyyən imtahanlarla bağlı razılıq verilmişdi, sonra vəziyyətlə əlaqədar imtahan keçirə bilmədik. Ona görə tam məlumat olandan sonra həmin tarixləri açıqlayacağıq”.